Coca-Cola-nın “Tullantısız Dünya” proqramı çərçivəsində Bakı restoranlarında ekoloji layihə keçirilir (FOTO)

Coca-Cola şirkəti, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, ADA Universitetinin birgə əməkdaşlığı
ilə Bakının bir sıra restoranlarında plastik tullantıları toplamaq
üçün ekoloji layihəyə start verib. Bu layihə Coca-Cola şirkətinin
“Tullantısız Dünya” proqramının tərkibində icra olunur.

Layihənin icra olunmasında məqsəd istifadə olunmuş plastikləri
təkrar emala yönləndirmək və bu xammalın ətraf mühitə təsirini
azaltmaqdır.

“Tullantısız Dünya” proqramı çərçivəsində 2025-ci ilə qədər
Coca-Cola məhsullarında istifadə olunan qablaşdırmanı 100% təkrar
emal edilə bilən hala gətirməyi və 2030-cu ilə qədər bazara
çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi
hədəfləyir. Eyni zamanda, proqram Coca-Cola-nın fəaliyyət
göstərdiyi ölkələrin ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün də
müxtəlif yerli layihələrə dəstək olur.

Hazırda həyata keçirilən pilot layihəyə iki ay ərzində Bakı
şəhərinin müxtəlif yerlərindən 10-a yaxın restoran cəlb edilib.
Həmçinin, Bakının iri ticarət mərkəzlərindən biri olan Gənclik
Mall-da layihəyə qoşulub. Layihə çərçivəsində istifadə olunmuş
plastik tullantıların toplanması üçün restoranlara, eyni zamanda,
Mall ərazisinə qutular yerləşdirilib, həmçinin insanların
maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr
paylanılıb.

Coca-Cola Azərbaycan şirkətinin baş direktoru Rəna Məmmədova
ölkədə ətraf mühitin yaxşılaşdırılmasına töhfə verməyə davam
etdiklərini bildirib: “Coca-Cola sosial məsuliyyətli şirkət olaraq
fəaliyyət göstərdiyi 200-dən çox ölkədə insanların ekologiyaya
həssas yanaşmasını və təbiəti qorumağın önəmini təbliğ etmək üçün
müxtəlif layihələr həyata keçirir, işlər görür. Azərbaycanda da
növbəti layihəmiz məhz “Tullantısız Dünya” proqramı çərçivəsində
baş tutur. Digər müəssisələrin də bu layihəyə qoşularaq
plastiklərin təkrar emala yönləndirilməsini irimiqyaslı formaya
gətirməklə faydalılığımızı daha da artıra bilərik”.

Qeyd edək ki, bundan əvvəl Coca-Cola şirkəti “Tullantısız Dünya”
proqramı çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı və ADA
Universiteti ilə birgə “Təmiz Ölkəm” ekoloji layihəsini həyata
keçirib. Şirkət həmçinin, “ASAN Könüllüləri” Təşkilatı ilə birgə
“Təmiz Sumqayıt” layihəsinin də əsas təşkilatçılarından və
dəstəkçilərindəndir. Layihələr insanlar arasında maariflәndirmә
işləri aparmaq, cəmiyyətdə təkrar istehsal ənənəsini
formalaşdırmaq, plastik qabların toplanaraq tәkrar istehsala
göndәrilməsini təbliğ etmək işini görüb.

Coca-Cola şirkəti “Tullantısız Dünya” proqramına uyğun olaraq
Azərbaycanda son 10 il ərzində keçirdiyi “Xəzəri Qoruyaq” adlı
birgünlük sahilyanı təmizlik aksiya çərçivəsində Xəzər dənizinin
çimərliklərinin 45 hektaradək ərazisi təxminən 40 ton məişət
tullantısından təmizlənib.

Teqlər: