ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi qəbuledilməzdir. Əslində, Baydenin bu fikri səsləndirməsi ABŞ-ın geosiyasi və strateji maraqlarına ziddir.
Bu fikirləri AzerTimes-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, bu bəyanat qarşılıqlı münasibətlərə və strateji tərəfdaşlığa qətiyyən uyğun deyil. İllər əvvəl Türkiyə tərəfi bu məsələ ilə bağlı vacib təşəbbüslərlə çıxış edib. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana tarixçilərdən ibarət ortaq komissiyanın yaradılmasını və arxivlərin açılmasını təklif edib. Amma erməni tərəfi bundan imtina edib. Çünki tarixdə belə bir “soyqırımı” olmayıb. Yeganə həqiqət budur. Digər tərəfdən, tarixdə baş verən hadisələrlə bağlı siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır.
Deputatın sözlərinə görə, əsl həqiqət ondan ibarətdir ki, tarixdə dəfələrlə ermənilər türk-müsəlmanlara qarşı qətliamlar, soyqırımlar törədib. Tarixdən məlum olduğu kimi, 1905-1907, 1918-1920-ci illərdə erməni daşnakları azərbaycanlılara qarşı kütləvi qətliamlar törədiblər. Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsi zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 mülki şəxs qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş beynəlxalq cinayətdir. Əgər ABŞ Prezidenti ədalətlidirsə, obyektivdirsə, bu hadisələrə münasibət bildirsin.
Pərvin Kərimzadə söyləyib ki, insanlığa sığmayan cinayət aktını törədən erməni millətçiləri və onların havadarları öz siyasi məqsədləri naminə tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı gündəmə gətirməyə çalışırlar. Saxta erməni tarixçiləri nə vaxtsa “böyük Ermənistan” adlı dövlətin mövcud olmasını iddia edir və bu uydurma dövlətin ərazisinin Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları olduğunu göstərirlər. Özlərini erməni adlandıran bu etnosun tarixinə nəzər saldıqda onların çox zaman böyük dövlətlərin hakimiyyəti altında olduğunu, “böyük Ermənistan” adının çəkildiyi tarixdə bu adda dövlətin mövcud olmadığını görürük. İlkin mənbələr sübut edir ki, tarixi saxtalaşdıran ermənilərin və ermənipərəst müəlliflərin dəqiq mənbələrə söykənən dəlilləri olmadığı üçün cızmaqaralarının heç bir elmi əsası yoxdur. Aydın məsələdir ki, təcavüzkar erməni millətçiləri yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətini dünyada erməni birliyini bir arada tutmağa çalışan “erməni soyqırımı” pərdəsi arxasında gizlətməyə çalışıblar. Onlar yaxşı bilirlər ki, qondarma “erməni soyqırımı” iddiasının iç üzü ortaya çıxsa, erməni birliyi dağılmış olar, erməni lobbisinin və onlara havadarlıq edən bəzi böyük güclərin siyasi ambisiyaları, məkrli planları baş tutmaz.
Deputat qeyd edib ki, belə olan halda ABŞ prezidenti Co Baydenin erməni saxtakarlarının mövqeyini dəstəkləməsi bu ölkənin maraqlarına zərbə vurur. Bununla da o, təkcə Türkiyə ilə deyil, bütün türk dünyası ilə münasibətlərini şübhə altına alır.
“Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Qələbə qazanaraq işğal altındakı torpaqlarını azad etdi. İşğalçı Ermənistan məğlub oldu. Azərbaycan və Türkiyə iki qardaş ölkə olaraq hər zaman bir-birinin yanındadır. Qondarma “erməni soyqırımı”nın saxta tarix olduğunu birlikdə bütün dünyaya sübut edəcəyik. Aprelin 24-də Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da dövlətimizin başçısı bu qərarın yanlış olduğunu bildirmiş, onu tarixi səhv adlandırıb. Bu yanaşmanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğu xüsusi qeyd edilib. Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğu vurğulanıb. Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Xarici İşlər Nazirliyi, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, həmçinin siyasətçilərimiz, ziyalılarımız, bütün vətəndaşlar ABŞ Prezidentinin ABŞ-ın geosiyasi maraqlarına uyğun olmayan, tarixin saxlaşdırılmasına şərik olan bəyanatına sərt münasibətlərini bildiriblər. Siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməlidir”, – deyə P.Kərimzadə vurğulayıb.