Co Bayden Ukraynaya əlavə hərbi yardım ayrılacağını açıqlayıb

ABŞ prezidenti Co Bayden qanunvericilik prosedurlarının
tamamlanmasını və ABŞ Konqresinin hər iki palatasında Ukraynaya 40
milyard dollarlıq yardımın ayrılmasına dair qanun layihəsinin
qəbulunu alqışlayıb.

Trend “Ukrinform”-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Ağ
Evin saytında dərc edilmiş rəsmi bəyanatda deyilir.

ABŞ prezidenti hər iki partiyanı Nümayəndələr Palatasında və
Senatda təmsil edən liderlərə Ukraynaya yardımın davamlı olmasını
təmin etmək məqsədilə qanun layihəsinin tezliklə nəzərdən
keçirilməsinə və qəbuluna görə təşəkkür edib.

“Bu günə qədər biz Ukraynaya tarixi müdafiə yardımı göstərmişik
və mənim administrasiyam Konqresin icazə verdiyi silah və
texnikanın çatdırılmasını sürətləndirməyə davam edəcək. Bu gün mən
Ukraynanı əlavə artilleriya, radar və digər avadanlıqlarla təmin
edəcək növbəti təhlükəsizlik yardım paketini elan edirəm”, – C.
Bayden bildirib.