Qərb ölkələrinin rəsmiləri və analitikləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin bundan sonra necə inkişaf edəcəyi ilə bağlı üç əsas ssenarini nəzərdən keçirirlər.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Mümkün ssenarilərdən birincisi Rusiyanın Luqansk və Donetsk vilayətlərində getdikcə daha çox əraziləri tədricən ələ keçirməsidir. İkinci ssenari, hər iki tərəfin irəliləyə bilməməsi və müharibənin mövqe mərhələsində aylarla, hətta illərlə davam etməsidir. Bu, hər iki tərəf üçün ağır itkilər və qlobal iqtisadi böhranla nətilənəcək. Ən az ehtimal hesab edilən üçüncü ssenari isə Rusiyanın hədəflərini tənzimləməsi, guya nəzərdə tutduqlarına nail olduğunu iddia etməsi və hərbi əməliyyatların sona çatmasına zəmin yaratmağa çalışmasıdır.
Əgər Rusiya işğal olunmuş ərazilərdə möhkəmlənməyə nail olsa, ABŞ Putinin bu ərazidən Ukraynanın dərinliklərinə doğru növbəti hücumlar üçün tramplin kimi istifadə etməyə başlayacağından ehtiyat edir.
Qərbdəki rəsmilər Rusiyanın Ukraynanın şərqindəki döyüşlərdə qüvvələrinin kəmiyyət üstünlüyünə görə daha əlverişli şəraitdə olduğunu düşünürlər. Lakin hər iki tərəfdən ağır itkilərlə gedən döyüşlərdən sonra kadr çatışmazlığı yarana bilər. Rusiya quru qoşunlarının üçdə birini itirə bilər (söhbət Severodonetsk istiqamətindən, yoxsa daha geniş istiqamətdən getdiyi göstərilmir). Putinin təhlükəli addım hesab etdiyi tam səfərbər olmadan Rusiyanın mühüm nailiyyətlər əldə etməsi asan olmayacaq”,-məlumatda deyilir.