1 fevral 2023-cü ildən Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər qüvvəyə minib.
Bu barədə AzerTimes-a Baş Prokurorluqdan məlumat verilib.
Məlumata görə, dəyişikliklərə əsasən, Cinayət və İnzibati Xətalar məcəllələrində “cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və digər əmlak” ifadəsi əvəzinə “cinayət yolu ilə əldə edilmiş əmlak” termininə keçilmişdir.
Cinayət yolu ilə əldə edilmiş əmlak – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlərdir.
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma cinayətinə görə ağırlaşdırıcı tərkib əlaməti kimi “külli miqdar” sözü “xeyli miqdar” sözü ilə əvəz olunsa da, məbləği 45 mindən 50 minə qaldırılmışdır. Yəni həmin əməllərin 50 min manatdan artıq məbləğdə törədilməsinə görə daha ağır cəzalar (üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə) nəzərdə tutulmuşdur.
Kommersiya və ya bank sirri olan məlumatları “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunla müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim edən şəxsə Cinayət Məcəlləsinin 202.2-ci maddəsinin (Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə) və İnzibati Xətalar Məcəlləsinin 431-ci maddəsinin (Kommersiya və ya bank sirri təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması) qüvvəsinin şamil edilməməsi təsbit edilmişdir.
Vəkil, notarius, rieltor, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxs tərəfindən müştərini qeyri-qanuni fəaliyyətdən çəkindirmək məqsədilə onu və ya digər şəxsləri əməliyyatların icrasının dayandırılacağı və ya müvafiq məlumatların maliyyə monitorinqi orqanına təqdim ediləcəyi barədə məlumatlandırması hallarına Cinayət Məcəlləsinin 316-2-ci maddəsinin (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında məlumatları yayma) qüvvəsinin şamil edilməməsi müəyyən edilmişdir.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) yeni redaksiyada verilmiş və həmin inzibati xətalar işlərə baxmaq səlahiyyəti bütün hallarda (əvvəl yalnız vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə məhkəməyə aid edilirdi) məhkəmələrə aid edilmişdir.