13 ildir Niderlandda mühacirətdə olan məşhur azərbaycanlı musiqiçi Azər Cırtdanın AzerTimes-a müsahibəsi:
– Azər bəy, uzun illərdir Azərbaycandan getmisiniz. Bilməyənlər üçün təkrarlayaq. Nə baş vermişdi?
– Məni ölkədən aparan 13 il əvvəl doğulmuş balamıza görə o vaxtkı ağlımla arzuladığım gələcək idi. Digər baş verənləri artıq bu illər içində çoxdan unutmuşam. Məncə, indi onları xatırlamaq əhəmiyyətsizdir. Çətin idi, amma mənim üçün təcrübə oldu.
– Müvəqqəti də olsa, Azərbaycana gəlmisiniz. Getməyinizə peşman deyilsiniz ki? Heç düşündünüz ki, kaş, vətəndə qalardım?
– Tam səmimi sözümdür, həyatımda nadir hallarda “kaş ki” demişəm. Bu uzun ayrılıq bir çox şeydə gözlərimi açdı. Açıq desəm, peşman deyiləm, çünki bu yolu özüm seçdim. Bu yol çətinlikləri, gözəllikləri ilə çox şey öyrətdi. Bir vətənim var idi, indi iki vətənim var: Doğulduğum və yetişdiyim vətən. Hər ikisinə minnətdaram. 45 illik ömrümün çoxunu xaricdə keçirmişəm. Həmd olsun Allaha ki, Azər Cırtdana belə yol cızıb. Belə də ki, mən kiməm peşman olum?
– “Həmd olsun Allaha”…maraqlıdır, sizi illər əvvəl dinsiz kimi tanıyırdıq. Amma qəfil İslama qayıtdınız. Ateist yaradıcı adamların uzun illər sonra İslama qayıtdığı artıq tez-tez müşahidə olunur.
– Mən özümü heç vaxt dinsiz hesab etməmişəm. Əvvəldən Allahla bir rabitəm olub. Əlbəttə, bu, individual məsələdir. Mənim dinlə problemim o idi ki, Azərbaycanda olan cəhalətin biri kimi islam dinini görürdüm. Fəqət, xaricdən baxanda anladım ki, problem islam dinində yox, bunun yanlış anlaşılmasındadır. İslamı mütaliə etdikcə insanın Allahla birə-bir yol olduğunu, münasibət olduğunu, Quranın dini kitab olmazdan ziyadə, insanı formalaşdıran kitab olduğunu anladım. Xüsusilə, fərqli mühitdə olanda bəzi şeyləri daha yaxşı anlayırsan, zamanla təcrübə qazanırsan. Qurani-Kərim həyata baxışımı dəyişdirdi, qəlbimdə olan boşluğu doldurdu, beynimdə olan doluluğu da boşaltdı. Məni qorxulardan, tərəddüdlərdən azad etdi, qəlbimi eşqlə doldurdu.
– Azər bəy, Niderlandda nə işlə məşğulsunuz? Yəqin ki, təkcə yaradıcılıq deyil…
– Ora gedəndən bəri çox işlə məşğul olmuşam. Şirkətim də olub, restoranım da. İstehsalat işində olmuşam, könüllü olmuşam, məktəbdə işləmişəm. Hazırda mədəniyyət və sosial domendə olan layihələrlə məşğulam. Yaşadığım şəhərdə mədəniyyətlərarası əlaqələrin yarada biləcəyi proyektlər üzərində işləyirəm. Şəbəkəmizdə dünyanın hər yerindən olan insanlar var ki, onları bir-birinə daha yaxın gətirərək, bir-birinə bənzədiklərini, ehtiyacları olduğunu bildiririk. Eyni zamanda başqa bir kiçik proyektimiz də var. Həmin proyekt mobil mədəniyyət köküdür. O, şəhərdə hərəkət edərək insanlara müxtəlif mədəniyyətləri tanıdacaq. O cümlədən, musiqiyə, yaradıcılığa da davam edirəm. Məni orada azad incəsənət adamı kimi tanıyırlar. Rəsm çəkirəm, musiqi tədbirlərində iştirak edirəm, Azərbaycana da festivala gəlmişəm. Özümlə bərabər ölkəmizi tanıtmaq üçün yaradıcı adamlar da gətirmişəm.
– Azər bəy, həm musiqiçi, həm rəssam, həm şair, üstəlik də bu qədər işlər…Çətin olmur ki?
– Sadaladıqlarım mənim üçün həyat tərzidir. Onları sevgi, eşq ilə etmişəm. Yəqin ki, həyata olan sevgi və marağa görədir. Düzü, özümü nə çox istedadlı şair, musiqiçi, nə də rəssam kimi görmüşəm. Həyatımı, günlərimi verməmişəm sənətə. Buna mənəvi müalicəm kimi baxmışam. Məşğuliyyətlər şəxsiyyət olaraq formalaşmağımda kömək olub. Çətin olan insan olmaqdır.
– Ən məşhur mahnınızın “Uzağın adı var” olduğunu deyə bilərik. Sizin ən çox sevdiyiniz mahnı hansıdır?
– Yüzdən çox mahnım var və hamısı mənimçün dəyərlidir. Elə mahnılar var, onları fərqli havalarda yazmışam. Elə hallar olub, onları yazdığım anı açıqlaya bilmirəm. Həyatım açığı, mürəkkəb olub, həm ailə, həm şəxsi həyatım. Mənim musiqiyə gəlmə səbəbim özümü sağaltmaq məqsədi daşıyıb. “Uzağın adı var” mahnısının mənim üçün xüsusi yeri var. Siz özünüz də yaradıcı adamsınız, bu halları başa düşürsünüz. İnsanların qəlbinə hansı mahnı toxunursa, onu da sevirlər. O mahnıda hamımızı birləşdirən acıları dilə gətirmişəm. Məhz bu mahnıda duyğuların tərcüməçisi olmuşam. Tale elə gətirib, məqsədim, istəyim, gözləntim olmadığı halda bu mahnı insanların qəlbinə toxunub. Bu da məni məmnun edir. Amma son vaxtlar yazdığım “Qayıdış” mahnısını xüsusi vurğulamaq istəyərdim.
– Bir çox müasir müğənnilərlə əlaqələriniz var. Məsələn, Miri Yusiflə. Onu isə əksəriyyət bəyənmir. Nə əcəb birlikdə işləyirsiniz?
– Miri Yusiflə 2009-cu ildə “Axtarıram” mahnısını işləmişik. Yaddaşımda çox mədəni, əxlaqlı insan kimi qalıb. Özünəxas musiqiçidir, öz tərzi var və onu davam etdirir. Hər kəsin sevəni də var, sevməyini də. Bunu hamımız haqqında deyə bilərik. Əlaqələrimiz isə hələ də var. Məncə, o, Azərbaycan üçün çox dəyərli bir insandır.
– Niderlanddan baxanda Azərbaycan musiqisi, xüsusi ilə caz necə görsənir?
– Zaman keçdikcə anladım ki, Avropada imkanlar sonsuzdur. Musiqiçi üçün hər şərait var, amma ruh yoxdur. Azərbaycanda məhdudiyyət olsa da, üsyankarlıq, ruh, həqiqi yaradıcılıq var. Avropada mənəvi kontekst olaraq orijinallıq tapmaq çox çətindir. Orada bir çox professional musiqiçi ilə işləmişəm. Texniki olaraq əladırlar, amma yeniliklərdə çətinlik çətirlər. Onların qəlibləşmiş anlayışları çoxdur, improvizasiyaları yoxdur. Bizdə texniki, maddi cəhətdən çatışmazlıq olsa da, sənətçilərimiz əladır. Məncə, biz çox qabaqdayıq. Avropada hazırda trend müxtəlif mədəniyyətlərin musiqilərinin qarışdırılmasıdır. Ümumiyyətlə, təcrübəmdən çıxış edib deyə bilərəm ki, əsl yaradıcılıq məhdudiyyətlərin olduğu yerdədir. Hər şeyin mümkün olduğu yerdə sənət olmur. Bizdə isə musiqi daha çox həyat tərzidir.
– Azərbaycanda dinlədiyiniz, sevdiyiniz hansı musiqiçilər Niderlanda da dinləyirsiniz?
– “No Land”ı dinləyirəm, Kamil Hacıyevin iştirak etdiyi proyektdir. Xpert və onun işlədiyi bir çox repçiləri, Aynabənd, Jozef Abbasovu tanıdım, bu yaxınlarda canlı dinlədim. Əladır. Cavid Ağa, Camal Əli və s. çoxdur. İndi hamısını xatırlaya bilmirəm.
– Azər bəy, hansı şərtlər altında Azərbaycana tam qayıdarsınız?
– Şərt olaraq qətiyyən. Mən qayıtsam, ancaq fayda üçün qayıdacam. Allaha hər gün dua edirəm ki, məni insanlara faydalı etsin. Mən Azərbaycan seqmentinə bağlıyam, bu seqment üçün də əlimdən nəsə gəlirsə, mütləq qayıdacam. İş olaraq, tədris və sosial domendə işləmək istəyirəm. Həyatdan alacağımı almışam, xüsusi bir şərtim yoxdur. İndi maddi məqsədlərdən ziyadə mənəvi məqsədlərə çatmağa ümid edirəm. Azərbaycana qayıtmaq haqqında düşünməyə başlamışam, sağlıq olsun. Atam Təhsil Nazirliyində əyalətlərlə iş şöbəsində idi, bir çox istedadlı gəncə kömək edib. Özümü oralarda görürəm, fayda ola bilərsə, qayıdıb gələcəm. Təcrübə, əxlaq anlayışı ilə qayıtmaq istəyirəm vətənə. Əgər o yerlərdə örnək ola bilərəmsə, doğru mesajlar çatdıra bilərəmsə, çox xoşbəxt olaram. Artıq nailiyyət axtarmıram. İnsanlara çatdırmaq istədiyim əsas məqsəd odur ki, xaric deyilən yerin işığına çox qapılmasınlar. Dünyanın hər yeri Allahındır və insanın vətənidir, dəyişiklik isə insanın özündən başlayır.