Çıraqqala abidəsində bərpa-konservasiya işləri ilin sonunda yekunlaşacaq – Anar Kərimov

Şabran rayonu ərazisində yerləşən V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa-konservasiya işləri bu ilin sonunda yekunlaşacaq.

Trend xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bu gün abidə ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə təşkil edilən media-tur zamanı deyib.

Nazir bildirib ki, tarixi əhəmiyyətə malik olan bu abidədə bərpa-konservasiya işlərinə 2019-cu ilin iyul ayından başlanılıb: “Meşədən qalayadək eni 2 metr, uzunluğu 530 metr yol salınıb, tam yararsız vəziyyətə düşmüş körpü yenidən qurulub, sıldırım qayalar üzərində qala ətrafı ayaqaltılar quraşdırılıb, baş bürcün dağılmış hissələri bərpa olunub, körpü ilə qala arasında qayalar üzərində yol çəkilib və taxtadan asma pillələr düzəldilib”.


A.Kərimov qeyd edib ki, Çıraqqala ilə yanaşı, digər istehkam tipli qurğuların UNESCO-nun mədəni irs siyahısına salınması ilə bağlı planlar var. Onun sözlərinə görə, qalanın bərpası elə də asan şəraitdə həyata keçirilmir: “Ona görə burada çalışan ustalara təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, qalanın bərpa-konservasiya işlərinə yerli mütəxəssislər cəlb olunub. Eyni zamanda, xarici ekspertləri də dəvət etmişik, onlar aparılan işləri yüksək qiymətləndiriblər”.

Nazir, həmçinin əlavə edib ki, Çıraqqalanın turizm imkanlarının artırılması istiqamətində də işlər aparılır. Bununla bağlı hazırlanan konsepsiya yaxın zamanlarda təqdim olunacaq.

Teqlər: