“Çıraqqala” abidəsində bərpa-konservasiya işləri aparılır (FOTO)

akı. Trend:

“Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 13 mart 2019-cu il tarixli Sərəncamına əsasən 2019-cu ilin iyul ayından abidədə bərpa-konservasiya işlərinə başlanılmışdır.

AzerTimes xəbər verir ki, 2019-cu ilin iyul ayından bugünədək tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalayadək eni 2 metr, uzunluğu 530 metr olan yol salınıb, tam yararsız vəziyyətə düşmüş körpü qaya daşları ilə bərpa olunub, sıldırım qayalar üzərində qala ətrafı ayaqaltılar quraşdırılıb, baş bürcün dağılmış hissələri bərpa olunub, körpü ilə qala arasında qayalar üzərində yol çəkilib və taxtadan asma pillələr düzəldilib.

Baş bürcdə, həmçinin 1 və 2-ci, 2 və 3-cü, 3 və 4-cü, 17 və 1-ci, 16 və 17-ci, 15 və 16-cı qüllələr arasında qala divarının dağılmış yerlərinin, eyni zamanda ovdanın qismən bərpası işləri görülüb. Həmçinin ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilmişdir.

Qeyd edək ki, Gilgilçay müdafiə səddi Xəzər dənizindən başlayaraq Böyük Qafqaz sıra dağlarının dərinliklərinə qədər, 120-130 km uzunluğunda böyük bir ərazini əhatə edir. Səddin baş tikilisi Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsi V-VI əsrlərdə inşa edilib.

Tarixi abidə möhtəşəm görünüşü və tikinti xüsusiyyətləri ilə inşa edildiyi ərazidə dominant rol oynayaraq, yerləşdiyi məkanın simvoluna çevrilmişdir. Təqribən 2 hektarlıq ərazini əhatə edən “Çıraqqala” mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qala və qoruyucu divarların iri miqyasları, onların uzun müddətdə, çoxsaylı insan əməyi ilə ərsəyə gəldiyindən xəbər verir.

“Çıraqqala” müdafiə kompleksinin divarları böyükhəcmli daş hörgüdən ibarət olub. Qalanın baş bürcü qaya üzərində yerləşməyinə baxmayaraq, qaya ilə hörgünün birləşdiyi yerdə hörgüdə böyük aşınma və dağıntılar baş vermişdi. Digər bürc və divarlarda da vəziyyət ürək açan olmayıb, qalanın salamat qalan yerlərinin üzlük hörgü hissələrində dağıntılar əmələ gəlmişdi.

Hazırda bərpa-konservasiya işlərinin davam etdiyi “Çıraqqala” abidəsində həyata keçirilən işlər mühüm əhəmiyyət kəsb edir. Bu həm tarixi dəyər baxımından, həm də əraziyə turist səfərlərinin artması baxımından çox önəmlidir.

Teqlər: