Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərara əsasən zərərçəkmiş kimi tanınan məcburi köçkünlər doğma Laçın rayonuna səfər ediblər.
AzerTimes Report-a istinadən xəbər verir ki, səfər zamanı həmin məcburi köçkünləri Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov müşayiət edib.
Rayonun Çıraqlı, Kamallı və Ağbulaq kəndlərindən olan məcburi köçkünlər – Akif Həsənov, Adışirin Çıraqov, Fəxrəddin Paşayev, Elxan Çıraqov və Sağatel Çıraqov doğma evlərinə, daha dəqiq desək, evlərinin qalıqlarına baş çəkiblər.
Sakinlər 30 illik Vətən həsrətindən sonra doğma yurd-yuvalarına qayıtmaqdan sonsuz sevinc duyduqlarını söyləyiblər.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının Azərbaycan vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 2005-ci il 6 aprel tarixli iddiaları üzrə 2015-ci il iyunun 16-da qəbul etdiyi qərarda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu əksini tapıb. Lakin qərarın qəbulundan yeddi ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə qoyulan öhdəlikləri yerinə yetirmir, zərərçəkmiş kimi tanınan altı nəfər Azərbaycan vətəndaşına vurduğu mənəvi və maddi ziyana görə təzminat ödəmir. Həmçinin qərara əsasən, cavabdeh dövlət azərbaycanlı qaçqınların və məcburi köçkünlərin hüquqlarının bərpası üçün xüsusi mexanizm yaratmalı olsa da, bu məsələ də Ermənistan tərəfindən icra olunmayıb.
Presedent xarakteri daşıyan bu aparıcı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı beynəlxalq məhkəmə orqanının azərbaycanlı məcburi köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət hüququnun pozulmasını tanıyan, işğal faktını təsdiq edən ilk və hələ ki, yeganə sənədidir.