AB-nin maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi ölkənin aparıcı media qurumlarının təmsiçilərinin və tanınmış blogerlərin iştirakı ilə “Mediada gender həssaslığının artırılması” mövzusunda növbəti təlim təşkil edib.
AzerTimes xəbər verir ki, təlimin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeninə media və ictimaiyyətin diqqətini çəkmək, bu problemlə mübarizə istiqamətində aparılan milli təşviqat kampaniyasına medianı cəlb etməkdən ibarətdir.
Qeyd olunub ki, hazırda Azərbaycan doğulanlar arasında cins nisbətinin pozulduğu ölkələr arasında dünyada birinci yerdədir. 2022-ci ilin statistik göstəricilərinə görə, Azərbaycanda doğulan hər 100 qıza 112 oğlan düşür. 2021-ci ildə isə bu rəqəm müvafiq olaraq 100/116 nisbətində olub (100 qız, 116 oğlan).
Təlim müddətində BMT-nin Əhali Fondunun nümayəndələri, o cümlədən Azərbaycan və Türkiyədən olan mütəxəssislər “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivsində oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçiminin qarşısının alınması istiqamətində həyata keçirilən fəaliyyətlər və bu fenomenin səbəb ola biləcəyi mənfi nəticələr haqqında danışıblar.
İştirakçılar mediada gender həssaslığının artırılması mövzusunda fikir mübadiləsi aparıb, gender əsaslı cins seçiminin qarşısnın alınmasında medianın rolundan danışıblar.
Təlim AB-nin maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib.