Çingizə elə sual verərlər? Biabır olduq…

Çingizə elə sual verərlər? Biabır olduq…

Ötən gün sosial şəbəkələrdə təsadüfən qarşıma Putinə ukraynalı jurnalistin ünvanlandığı sual və Rusiya liderinin cavabı çıxdı.

Jurnalist sual verməyə hazırlaşanda Putin yarızarafat ondan “ittihamçı qismində olub-olmadığını” soruşur, jurnalist isə mənfi cavab verib, sualına keçir və (əlbəttə ki) başdan-başa ittiham dolu mövqe sərgiləyir.

Zalda buna görə gülüşmə də qopur. Ancaq Putin onu sonadək dinləyir və sonra öz arqumentləri ilə cavab verir – nə qarşı tərəfə bir təhqir var, nə də jurnalistin indicə verdiyi vədi yerinə yetirməməsi iradı var.

Təxmin etdiniz hara gəlirəm – ötən gündən jurnalistin Çingiz Abdullayevə verdiyi sual və aldığı cavab ətrafında yaranan qalmaqala…

Doğrudur, gərək jurnalist sualı daha korrekt verəydi və ümumiyyətlə, jurnalistin öz münasibətini intonasiya və jestlərlə yükləməsi peşəkarlıq nümanəsi sayılmır.

Ancaq “Çingizin də cavabı o cür olmamalıydı” deyənlər çox yanılır.

Əzizlərim, əvvəla, sualın Çingizə verilməsindən yapışmışınız, ancaq qarşınızdakının Aytmatov olmadığını unudursunuz.

Suala cavab verən Çingiz Abdullayevdir, Aytmatov deyil və mən Çingiz Abdullayevə qarşı böyük haqsızlıq edildiyini düşünürəm.

Çingiz müəllimin sözlərini təhrif edirsiniz və bu, biabırçılıqdır, üzr istəyirəm, Rəşad Məcidin sözü ilə desəm, tərbiyəsizlikdir. Çingiz müəllim “özün utanıb ölmürsən” sözünü harda deyib? Videoya baxırsınızmı? O deyir ki, “özün ölmürsən utanmıxdan”.

Bunlar tamamilə ayrı-ayrı ifadələrdir və niyəsini izah edəcəyik!

İkincisi, Çingiz Abdullayevə “xalq yazıçısı” deyib, ona olmazın iftiralar yağdırmaq da qəbuledilməzdir, üzr istəyirəm, Rəşad Məcidin təbirincə demək borcumdur (rəhbərimizdir axı), yəni tərbiyəsizlikdir.

Baxın, o videoda adam özünü nə adlandırır? “Xalq yazıçı”. Burda “sı”nı kimsə eşidirsə, bir zəhmət, mənə də desin!

Nitqə diqqət edin: “Utanmırsuz xalq yazıçıdan soruşursuz…”

Burda “xalq” və “yazıçı” sözləri frazeoloji birləşmə, ifadə, eyni məfhumun komponentləri, bir məfhumu ifadə edən anlayış kimi istifadə olunurmu?

Qətiyyən, ayrı-ayrı, müstəqil ifadələr kimi işlənir. Yaxşı, “sı”nı hara qoşursunuz? Adam mənsubiyyət şəkilçisini işlətməyib axı, nə yapışmışınız yaxasından?

Çingiz Abdullayevin dil məntiqi ilə yanaşdıqda, bu söz ardıcıllığını “xalq yazıçıdan soruşur ki” kimi də anlamaq mümkündür.

Və nəhayət: Şikəst adamı lağa qoymaq, onu təhqir etmək ayıbdır, üzr istəyirəm, Rəşad Məcidin sözləri ilə desək, tərbiyəsizlikdir.

Bilmirəm Çingiz müəllimin ana dilidir, ya yox, ancaq Çingiz müəllimin vətəndaşı olduğu dövlətin dövlət dili Azərbaycan dilidir. Ana/Dövlət dilini bilməyən vətəndaş anadan şikəst doğulmuş sayılır. Yəni şikəstliyi anadangəlmədir.

Mənim nəzərimdə Çingiz Abdullayev dil baxımından əli-ayağı olmayan bir adamdır və o, işlətdiyi sözlərin daşıdığı məna yükünü dərk etmir.

Diqqət edin, hansı normal azərbaycanlı “özün utanıb ölmürsən” ifadəsini “özün ölmürsən utanmıxdan” şəklində, həm də gülə-gülə deyər, bu sözü şip-şirin, totuş-motuş üz mimikaları ilə ifadə edər?

Dil – insanın varlığıdır, kimliyidir, pasportudur, təfəkkürüdür;

Dil – riyaziyyatdır, coğrafiyadır, tarixdir, yaddaşdır;

Dil – biologiyadır, sehrdir, magiyadır, tibbdir, həndəsədir, kosmosdur, ənginlikdir;

Dil – söz mənasında Allahın özüdür!

Dillə, nitqlə sərkərdələr insanları qələbəyə aparıb; sözlə insanlar şikəst edilib, söz yaraları ömürlük qalan yaradır;

Dil – enerjidir, mistikadır və intonasiya, üz ifadələri ilə söz dəmir döyən zindandır! Başa dəyən yumruqdur!

Çingiz Abdullayevdə buna aid hansısa əlamət görmüsünüzmü?

Haqqına girməyək: adam Avropada ən çox oxunan 3 detektiv yazar arasında; adama Avropada “detektivin atası” (“anası” Kristidir) deyirlər; adamın əsərlərinin satışından əldə etdiyi gəlir onmilyonlarladır və onun Yazıçılar Birliyinin qurultaya xərclədiyi vəsaitdən “çırpışdırmasına” heç bir ehtiyacı yoxdur.

Adam 44 günlük savaş zamanı Rusiya kanalında böyük hörmətlə qarşılandı və onun Azərbaycanı müdafiəsinə sonadək diqqətlə qulaq asıb, hətta haqq da verdilər, erməni opponenti belə onunla mübahisədə qarşıdurmaya getməmək üçün hər şey edirdi.

Ruscada ölkəmizi sovunmağı bacarır; Avropada Azərbaycan detektivi kimi satılır, qazanır; onun AYB-nin adından sui-istifadə etməsinə və çox məhdud büdcəli bir təşkilatı talamasına ehtiyacı yoxdur, əksinə, Çingiz Abdullayev AYB üçün öz vəsaitini xərcləməkdən çəkinmir.

Bunlara biz də hörmətlə yanaşaq və bəzi platformalarda onun Azərbaycan dövlətinə xidmətini unutmayaq.

Ancaq Azərbaycan dili üçün adam şikəstdir, əlildir, onun ifadə edə bilmədiyi sözünün başına ip salmağa gərək yoxdur. Çünki adamın azərbaycanca sözünün başı da yoxdur, ayağı da – harasına ip salacaqsınız ki?

Son olaraq: Rəşad Məcidlə əlaqəsi olanlardan xahiş edirəm ki, ona MıŞ-ın yenicə sədri seçildiyini xatırlatsın.

Rəşad müəllim uzun müddətdir AYB katibidir, deyəsən, yadından çıxıb ki, jurnalistlərin qurultayında MıŞ sədri seçilib.

Teqlər: