İndiki sərbəstlik şəraitində medianın, jurnalistin suallarına heç bir məhdudiyyət yoxdur. Belə ki, jurnalistin istədiyi sualı vəzifəli şəxsə yönəltmək və ünvanladığı suala cavab almaq haqqı var.
Bu sözləri AzerTimes-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli jurnalistin xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayevə ünvanladığı sualla bağlı deyib.
O bildirib ki, gənc jurnalistlərimiz sualı kimə, hansı şəraitdə və məzmunda verməli olduğunu bilməlidir:
“Bəzən gənc həmkarlarımız bu məqamlarda yanlışlara yol verir. Ümumiyyətlə, bəzi jurnalistlərə elə gəlir ki, onlar müstəntiqdir. Məzmuna, şəxsə aid olub-olmamasından asılı olmadan sualı verə bilər. Bu, bir az yanlış təsəvvür yaradır və davranışların bir çoxu məhz bundan qaynaqlanır.
Müşahidə etdiyimiz və söz-söhbətə səbəb olan Çingiz Abdullayevin müsahibəsi zamanı baş verən isə insidentdir. Mən videonu izlədim və rahat şəkildə gördüm ki, jurnalist sualı verir, hörmətli yazıçı da ona çox rahat və xeyli səmimi cavab verməyə çalışır. Amma hesab etdim ki, sualın ardı yazıçı üçün xeyli gözlənilməz oldu. Ona görə də əgər jurnalistin əlində konkret fakt varsa ki maliyyə düzgün bölüşdürülməyib və hansısa problem var, o zaman istinad edib sual verməsi bir başqa məsələ olardı.
Əlbəttə, hörmətli yazıçımızın müvazinətini itirməsinə, intonasiyasını dəyişməsinə, qeyri-etik ifadələrdən istifadə etməsinə haqq qazandırmıram. Bu, yolverilməzdir! Amma görünür ki, bu gərginlik, qurultayın keçirilməsi ilə bağlı təşkilati işlər və s. insanlarda müəyyən həssaslıq yaradır. Göründü ki, mətbuat əziyyəti qiymətləndirmir.
Burada hakim rolunu oynamaq niyyətim yoxdur. Amma biz mövcud dünyadakı standartlardan danışırıq ki, jurnalist sualı dəqiq, düzgün verməlidir. Əgər belə olmursa, onda bu cür situasiyalar yaranır. Jurnalistlər bu cür situasiyalardan dərs almalı, nəticə çıxarmalıdırlar ki, belə yanlışlıqlara yol verməsinlər”.