Çində 2021-ci ilin yanvarından ilk dəfə koronavirus xəstələri vəfat edib

Çində 2021-ci ilin yanvarından ilk dəfə koronavirus xəstələrində
ölüm halı qeydə alınıb.

Trend xəbər verir ki, bununla belə səhiyyə orqanları iki yaşlı
xəstələrin, məhz koronavirusdan deyil, yanaşı xəstəliklərdən vəfat
etdiklərini bildirir.

Çin Milli Səhiyyə Komissiyasının Tibbi İdarəetmə Bürosunun
direktoru Jiao Yahui bildirib ki, hər iki xəstənin ciddi yanaşı
xəstəlikləri olub.

“Onlardan biri isə koronavirusa qarşı peyvənd olunmamışdı.
Koronavirusun gedişatı yüngül idi. Ölümün birbaşa səbəbi əsas
xəstəliklərdir”, – o bildirib.

Büronun direktoru əlavə edib ki, yoluxmaların sayında artım
omikron ştammının geniş yayılması ilə bağlıdır.

Qeyd edək ki, martın 1-dən Çində 29 mindən çox koronavirusa
yoluxma halı qeydə alınıb.