Diplomatik qalmaqala baxmayaraq, Rusiya və Çin strateji tərəfdaşlar olaraq qalır. Çinin xüsusi nümayəndəsi Li Huinin Ciddə görüşünə gəlməsi Pekinin Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişmir və ona görə də bu, hələ heç bir praktiki nəticə verməyəcək.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Yuri Poyta qeyd edib.
Politoloq Çinin illər öncə Şimali Koreya üzrə altıtərəfli danışıqlarda da iştirak etdiyini xatırladıb:
“Bununla belə, Zelenskinin sülh formulu ilə bağlı Ciddə görüşünün təşkilinin özü belə müsbət haldır. Əgər Ukrayna bu formatda görüş təşkil edə bilməsəydi, bunu Rusiya edəcəkdi.
Ukrayna hər bir ölkəyə sülh formulunun bir hissəsini dəstəkləməyi təklif edib. Çinə isə enerji təhlükəsizliyi, məhbusların qaytarılması və taxıl müqaviləsi təklif olunub. Lakin rəsmi Pekindən bununla bağlı heç bir rəy yoxdur. Çin hələ də bu məsələni böhran olaraq görməkdə davam edir”.
Poytanın sözlərinə görə, Rusiya rəhbərliyi təzyiqlərə kifayət qədər həssasdır:
“Çin Rusiyaya münasibətdə iqtisadi alətlərdən istifadə etmir. Bundan əlavə, iqtisadi asılılıq heç də həmişə vassallıq demək deyil. Çin Cənubi Koreyanın da ən böyük ticarət tərəfdaşıdır, lakin bu, Seulun Pekinin vassalı olması demək deyil”.
Politoloq bildirib ki, Çin Rusiya ilə münasibətlərin pisləşməsinə kifayət qədər ehtiyatlı yanaşır:
“Biz Çin hakimiyyət orqanlarına bağlı olan ekspertlərlə dəyirmi masa keçirdik. Onların fikrincə, Çin Rusiyanın hərəkətlərini ədalətli hesab edir. Çünki Rusiya Federasiyası qlobal təhlükəsizlik arxitekturasından kənarda qalmışdı və bunun məsuliyyəti NATO-nun üzərinə düşür”.