
Çin Xalq Respublikasının hakimiyyəti nüvə döyüş başlıqlarının elementlərinin yığıldığı müəssisələri sürətlə genişləndirir.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşington Post peyk şəkillərinə əsaslanaraq yazıb.
Qəzet qeyd edir ki, Pekin nüvə başlıqları istehsalı üzrə əsas obyektlərdə fəaliyyətini kəskin şəkildə artırıb, 2021-ci ildən işlər sürətlə genişlənir.
Xüsusilə, son beş ildə Sıçuan vilayətində yerləşən və başlıqlar üçün plutonium nüvələrinin hazırlanması ilə məşğul olan obyekt ciddi dəyişikliklərə məruz qalıb. Burada mühafizə olunan ərazilərin sahəsi iki dəfədən çox artırılıb, binaların yenidən qurulması və yeni tikililər, o cümlədən əsas istehsal korpusu ətrafında inşaat işləri aparılıb.
Bundan əlavə, 2019-cu ildən etibarən Sıçuan vilayətinin Zıtun bölgəsində yerləşən başqa bir obyektdə intensiv işlər müşahidə olunur. Ehtimallara görə, burada başlıqda zəncirvari reaksiyanı başlatmaq üçün lazım olan partlayıcı maddə istehsal edilir. Əsas tikinti işləri, görünür, partlayıcının sınağı üçün nəzərdə tutulmuş korpusların yaxınlığında aparılır.

