ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfərə hazırlaşır. “Vaşinqton Post” nəşri bu səfəri Vaşinqtonun Moskva və Pekinə qarşı siyasət kimi qiymətləndirib. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda bir çox ölkənin Səudiyyə Ərəbistanı neftinə ehtiyacı artıb. Bunu Cozef Bayden də çıxışlarında gizlətmir.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan şahinoğlu Baydenin Yaxın Şərq səfəri haqda qeyd edib.
“Cozef Bayden Səudiyyə Ərəbistanına səfəri qərarının yaxın ətrafında birmənalı qarşılanmadığını etiraf edib. Ancaq Bayden strateji baxımdan bu səfərin əhəmiyyətli olduğu qənaətindədir.
Aydındır ki, Baydenin Səudiyyə Ərəbistanına səfəri yalnız onun yaxın ətrafında deyil, ABŞ-ın bütün siyasi spektrində və ölkə ictimaiyyətində ciddi suallar doğuracaq. Səudiyyə Ərəbistanı rejiminin müxalif jurnalist Camal Qaşıqçını İstanbuldakı konsulluqda 2018-ci ildə qətlə yetirməsi hələ yaddaşlardadır. Səudiyyə Ərəbistanı vətəndaşı olan Camal Qaşıqçı ölümündən bir neçə il əvvəl ABŞ-a köçmüşdü, “Vaşinqton Post”da məqalələri yayımlanır, məqalələrində Səudiyyə Ərəbistanında kral hakimiyyətinin siyasətini tənqid edirdi. Ona görə də Camal Qaşıqçının qətli Amerikada da qəzəb doğrumuşdu.
Buna baxmayaraq, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan imtina etmədi. Səudiyyə Ərəbistanı Cozef Bayden administrasiyası üçün də vacib ölkədir. Administrasiyada düşünürlər ki, Amerika Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı aşağı səviyyəyə endirərsə, bundan onun rəqibləri – Moskva və Pekin istifadə edəcək”, – politoloq qeyd edib.
O bildirib ki, həqiqətən son illər Rusiya və Çinin Səudiyyə Ərəbistanı ilə siyasi və iqtisadi təmasları artıb. Ər-Riyad bu əlaqələrdən istifadə edərək Vaşinqtonu Səudiyyə Ərəbistanı ilə münasibətlərdə daha fəal olmağa sövq edir:
“Misal üçün 2020-ci ildə Səudiyyə Ərəbistanı ilə Çin arasında saziş imzalanıb. Həmin sazişə görə Səudiyyə Ərəbistanı Çinə neftin nəqlini artırmalıdır. Bundan başqa, Pekin Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinə Çindəki yataqlarda neft çalışmalarına başlamaq imkanı yaradıb. Bunlar Vaşinqtonu narahat etməyə bilməz. Ona görə də Ağ Ev sahibi Səudiyyə Ərəbistanına 2 günlük səfərə ehtiyac duyub.
Bu arada, Çinə qarşı növbəti həmlə ABŞ Dövlət katibi Entoni Blinkendən gəlib. Blinken “Böyük İyirmilər”in xarici işlər nazirlərinin İndoneziyadakı toplantısından sonra Pekini bu sözlərlə tənqid edib: “Çin bəyan edib ki, Ukrayna məsələsində neytral mövqedədir. Ancaq işğal varsa, necə neytral qalmaq olar? Çin neytral deyil, BMT-dəki səsvermələrdə hər zaman Rusiyanın mövqeyini dəstəkləyir, bu siyasət indi də davam edir”. Halbuki Entoni Blinken bu açıqlamadan əvvəl çinli həmkarı Van Yi ilə 5 saatlıq danışıqlar aparmışdı. Demək, danışıqlar nəticə verməyib ki, Blinken Pekinin Kremlin arxasında süründüyünü bəyan edib”.