Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir.
AzerTimes xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.
Sənəddə qeyd edilib ki, Çin konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.
Vurğulanıb ki, tərəflər Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq sistemi birgə dəstəkləyəcək, beynəlxalq hüquqa əsaslanan beynəlxalq qaydaya, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət edəcəklər:
“Azərbaycan və Çin hegemonluğa və güc siyasətinə qarşıdır. Tərəflər real çoxtərəfliliyə sadiqdir, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məsələlərdə konstruktiv rolunu dəstəkləyir, həmçinin BMT çərçivəsində əməkdaşlığı gücləndirməyə davam etməyə hazırdır. Tərəflər bəşəriyyətin ümumi dəyərlərinin – sülh, inkişaf, bərabərlik, ədalət, demokratiya və azadlığın təşviqinin tərəfdarıdırlar, eyni zamanda bəşəriyyətin vahid taleli cəmiyyətinin və yeni beynəlxalq münasibətlər sisteminin yaradılmasını dəstəkləyirlər”, – bəyannamədə deyilir.
Tərəflər milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazır olduqlarını bəyan ediblər.