Füzuli. Aslan Məmmədli – Trend:
Çinin “On the road” şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənədli filmin çəkilişinə başlayıb.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, şirkətin çəkiliş qrupu ilk olaraq Şuşa şəhərinə səfər edib.
Ötən gün Zəngilanda olan çinli çəkiliş qrupu bu gün də Füzuliyə səfər edib. İşğaldan azad edilən müxtəlif ərazilərdə çəkilişlər aparan qonaqlara Qarabağın tarixi, memarlıq abidələri, Ermənistanın işğalı, regionun 30 ilə yaxın dövr ərzində erməni vandalizminə məruz qalması və 2020-ci ildə Azərbaycan ordusu tərəfindən işğaldan azad edildikdən sonra bərpa-quruculuq işlərinə başlanılması barədə məlumat verilir.
Çin Xalq Respublikasından olan çəkiliş qrupu gün ərzində Füzuli rayon ərazisində aparılan minatəmizləmə əməliyyatı və Füzuli Beynəlxalq hava limanı ilə tanış olacaq. Sabah isə Ağdama səfər edəcəkləri gözlənilir. Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı çəkiləcək sənədli film Çinin SETV kanalında və bir sıra sosial şəbəkələrdə yayımlanacaq.