Çin-Azərbaycan istiqamətində 2021-ci ilin ilk konteyner blok qatarı Çindən yola düşüb.
“Azərbaycan Dəmir Yolları”ndan AzerTimes-a verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq qlobal təchizat zəncirində yaranmış çətinliklərə, o cümlədən konteyner çatışmazlığına baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC Çinin Çinqdao şəhərindən Bakı istiqamətində 50 konteynerdən ibarət blok qatarın yola salınmasına müvəffəq olub. 40 futluq konteynerlər Qazaxıstanın Aktau limanından Bakı limanına çatdırılacaq. Daha sonra konteynerlərdən 15 -i Tbilisiyə göndəriləcək.
Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilr.
2021-ci ilin sonunadək “ADY Konteyner” MMC tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır.