Çin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra cavab tədbiri olaraq Vaşinqton administrasiyası ilə bəzi ikitərəfli dialoq və əməkdaşlıq mexanizmlərini dayandırdığını açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.
Qeyd edilir ki, müdafiə sahəsində 3 dialoq mexanizmi ləğv edilib, qeyri-qanuni miqrasiya, məhkəmə əməkdaşlığı, transsərhəd cinayətlər, narkotiklərlə mübarizə və iqlim dəyişikliyi sahələrində 5 dialoq mexanizmi dayandırılıb.
Həmçinin, müdafiə sahəsində Çin və ABŞ arasında Cəbhə Komandiri Danışıqları, Müdafiə Siyasəti Koordinasiya Danışıqları və Hərbi Dəniz Məşvərət Sazişi müzakirələrinin artıq keçirilə bilməyəcəyi bildirilib.
Xatırladaq ki, Çin Pelosi və ailəsinə qarşı sanksiyalar tətbiq edəcəyini də açıqlayıb.