Çin müdafiə naziri Vey Fenqe ilə amerikalı həmkarı Lloyd Ostin arasında baş tutan görüşdə Tayvan məsələsi də müzakirə edilib.
AzerTimes xəbər verir ki, məsələ ilə bağlı Çin Müdafiə Nazirliyi bəyanat yayıb.
“Kimsə Tayvanı Çindən ayırmağa cəsarət etsə, Çin ordusu nəyin bahasına olursa olsun müharibəyə başlamaqdan çəkinməyəcək. Tayvanın müstəqilliyi üçün atılan addımlara qarşıyıq. Vətənimizin birliyini qətiyyətlə müdafiə edəcəyik”, – nazirliyin bəyanatında bildirilib.
Eyni zamanda, Pentaqon da nazirlərin görüşü ilə bağlı ilkin açıqlama yayıb.
“Tayvan boğazında sülh və sabitliyin vacibliyini və status-kvonun birtərəfli qaydada dəyişdirilməsinə qarşı olduğumuzu bir daha təsdiq edirik. Çini Tayvana qarşı sabitliyi pozan hərəkətləri davam etdirməkdən çəkinməyə çağırırıq”, – məlumatda qeyd edilib.