Çin ABŞ-a qarşı “hücum siyasəti”nə başladı

Çin ABŞ-a qarşı “hücum siyasəti”nə başladı

Pekinin son illərdə siyasi və hərbi ritorikası sərtləşsə də, Çin hakimiyyəti Vaşinqtonla münasibətlərin normallaşması yollarını axtarır. Çin lideri Si Szinpin ABŞ-la iqtisadi əlaqələri əvvəlki axarına qaytarmaq istəyir. ABŞ Prezidenti Co Bayden də hərbi müşavirlərinə deyib ki, Çinlə münaqişə istəmir.

AzerTimes xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.

Qeyd edilib ki, Pekinlə Vaşinqton arasında dialoqun genişləndirilməsi üçün imkanlar var:

“Ancaq Pekinin Tayvanla bağlı iddiası iki ölkənin yaxınlaşmasına problemlər yaradır. ABŞ Dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Çinə Tayvan adasını ələ keçirməyə imkan verməyəcək: “ABŞ Tayvanın müdafiə qüdrətini artıracaq”.

Si Szinpin ABŞ-la toqquşmaq istəməsə də, Çin Kommunist Partiyasının qurultayında bildirib ki, Tayvanı istənilən vasitə ilə Çinə birləşdirəcək. ABŞ-ın “Atlantik” nəşrinin yazdığına görə, Ağ Ev sahibi Çinə yarımkeçiricilərin və çiplərin ixracını qadağan edib. Bu, Çinin texnoloji baxımdan ABŞ-la eyni sırada durmaq imkanlarına zərbədir.

Beləliklə, Vaşinqton Çinin texnoloji sahədə dünya lideri olmasını əngəlləyir. Bundan qəzəblənən Pekin hərbi yarışda ABŞ-a cavab verməyə çalışır. Çin Asiya-Sakit okean bölgəsində hərbi dəniz donanmasının sayını artırıb. Ancaq bu siyasət Çinə əlavə problemlər yaradır. Çünki Çinin bu bölgədə hərbi gücünü artırması Amerika ilə yanaşı, Yaponiya, Hindistan, Avstraliya kimi ölkələri də narahat edib və bu ölkələr Pekinə qarşı ittifaq formalaşdırıblar.

ABŞ-ın nüfuzlu “Voll Strit Jurnal” dərgisinin yazdığına görə, Si Szinpin hakimiyyətdə kadr dəyişiklikləri edərək hücum diplomatiyasına üstünlük verənləri vəzifələrə təyin edir. Misal üçün Si Szinpinin ABŞ-a təyin etdiyi 56 yaşlı səfiri Sin Qan amerikalılarla daha sərt davranmağın tərəfdarıdır. Bu səfirin gələcəkdə Çinin xarici işlər naziri təyin olunacağı da istisna deyil”.

Teqlər: