Çimərlik seçərkən nələrə diqqət edilməlidir? – Ekspert məsləhəti

Xəbər - Çingiz Səfərli -Trend:

Çimərliklərdə boğulma hallarının əsas səbəbi təhlükəsizlik tədbirlərinin görülməməsi və insanların qeyri-çimərlik ərazilərə üz tutmasıdır.

Bunu AzerTimes-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, bu məsələdə əsas məsuliyyət insanların üzərinə düşür, yəni vətəndaşlar çimərliyə gedərkən ilk növbədə hava şəraitini nəzərə almalıdır:

“Boğulma hadisələrinə nəzər salsaq, təhlükə ilə üzləşənlərin əksəriyyətinin küləkli vaxtda çimərliyə gedənlər olduğunu görərik. Həmçinin çimərlik seçimində də diqqətli olmaq lazımdır. Natəmiz və nəzarətsiz olan çimərliklərə getmək olmaz. İnsanlar adətən daha əvvəl getdikləri çimərliyə üz tuturlar. Çünki orada suyun hansı səviyyədə dərinləşdiyini, suyun altında daş-kəsəyin olub-olmamadığını bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, küləkli hava relyefi dəyişdirə, yarğanlar, su axınları əmələ gətirə bilər. Xilasedicilərin, qadağanedici işarələrin olmadığı yerlərə getmək tövsiyə edilmir. Digər tərəfdən ümumiyyətlə qeyri-çimərlik anlayışı ləğv edilməlidir. Yəni, çimərlik varsa, orada lazım olan bütün təhlükəsizlik tədbirləri görülməli, bundan sonra insanların ixtiyarına verilməlidir”.

Ekspert boğulma təhlükəsi ilə qarşı-qarşıya qaldıqda necə davranılmalı olduğunu da açıqlayıb. Bildirib ki, boğulma hallarının başlıca səbəbi suda olan şəxsin təşvişə düşməsidir.

“İnsan təşvişə düşəndə daha çox fiziki güc sərf edir, əzələlər yorulur, əlini sudan yuxarı qaldırır, ayaq barmaqlarının uclarını yerə vurmağa çalışır ki, su üzərinə çıxsın. Bu da əksinə batması ilə nəticələnir. Ona görə boğulma təhlükəsi ilə üzləşən şəxs əlini yuxarı yox, suyun içərisində saxlamaqla və yarıoturaq vəziyyətdə yaxındakı şəxslərdən kömək istəməlidir. Köməyə gələn şəxs boğulana arxadan yaxınlaşmalı və başı suyun üzərində saxlamaqla sahilə tərəf üzməlidir. Əgər suda boğulma müddəti 4-5 dəqiqəni keçməyibsə, ilkin yardım göstərməklə həyata qaytarmaq olar” – deyə ekspert qeyd edib.

Teqlər: