Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailə üzvləri ilə birlikdə Novruz bayramını tarixi mədəniyyət beşiyimiz olan Şuşa şəhərində, Cıdır düzündə qeyd etməsi hər bir azərbaycanlının qəlbində sonsuz bir sevincə səbəb oldu. Cıdır düzündə alovlanan tonqal ilə Azərbaycan xalqının 30 ildir dilində olan duanın gerçəkləşdiyinin şahidi olduq. Bir vaxtlar hər birimizin dilində olan duamız, əlçatmaz arzumuz gerçək oldu. Ölkə başçımızın sözləri ilə desək, “ Allah Azərbaycan xalqının dualarını eşitdi”.
Bunu AzerTimes-a Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin ailə üzvləri ilə birlikdə Şuşa çəhərində Cıdır düzündə Novruz bayramını qeyd etməsi, oradan Azərbaycan xalqına müraciət etməsi mühüm tarixi hadisədir. Cənab Prezidentin növbəti dəfə Novruz bayramında Şuşa şəhərinə səfəri mənəvi və siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Hər şeydən öncə bu səfər, Azərbaycan xalqının 30 illik həsrətinin sonu, arzularımızın gerçəkləşdiyinin əyani sübutu idi. Cənab Prezidentin Cıdır düzündən xalqa müraciət etməsi ilə, hər bir azərbaycanlının bayram əhval-ruhiyyəsi daha da yüksəldi.Və bununla da biz bütün dünyaya göstərmiş olduq ki, biz öz torpaqlarımızı nəyin bahasına olur olsun, qaytarmalı idik və bunu etdik.
T.Cəfərova açıqlamasında bildirib ki, ölkə başçısı xalqa müraciətində bir çox mühüm məqamlara diqqət çəkmişdir. Prezidentin çıxışındakı ən önəmli məqamlardan biri erməni vandalizmi və onların törətdikləri vəhşiliklərin nəticələri idi.30 illik erməni işğalı nəticəsində bütün bina və məscidlərimiz dağıdılıb. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Su elektrik stansiyalarını dağıdıblar. Dağlıq Qarabağın qədim azərbaycanlı kəndlərindən olan, 19-cu əsrdən bəri ermənilərin iddia etdiyi Tuğ kəndi də viran edilmişdir. Pənahəli xanın sarayı Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də işğal zamanı ciddi ziyan görüb. Bütün bunlara baxmayaraq, Şuşa şəhəri öz ruhunu qoruya bilib. Düşmən Şuşanı özününküləşdirməyə çalışsa da, mənfur niyyətinə çata bilməyib. Şuşa öz ləyaqətini mühafizə edə bilib.
Deputat vurğulayıb ki, əlbəttə Şuşanın bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq. Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu özünə xas olan zövqlə, öz vəsaiti hesabına icra edəcək. Bununla yanaşı, Şuşa öz qonaqlarını yeni və müasir komplekslərdə qəbul edəcək. Aparılacaq yenidənqurma işlərindən sonra Şuşa qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. İşğal dövründə bəzi otellərdən çox primitiv qaydada kiçik otel kimi istifadə ediblər. Şuşa regionun ən gözəl istirahət bölgəsinə çevriləcəkdir. Burada kiçik otellərin yaradılması nəzərdə tutulur. Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır. Bütün bunlarla yanaşı, Şuşanın enerji təminatı ilə bağlı olan layihələrin bir hissəsi artıq icra olunub. Artıq inşa olunmuş Şuşa yarımstansiyası fəaliyyət göstərir. Bu bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir.
Sonda millət vəkili bildirib ki, Şuşa əzəli Azərbaycan şəhəridir. Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Düşmən məkrli siyasətindən əl çəkməsə də, Azərbaycan düşməni yerinə otuzdura biləcək gücün, qüvvənin sahibidir. Bu baxımdan, II Qarabağ müharibəsi bütün revanşistlərə dərs olmalıdır. Cənab Prezidentin dediyi kimi, bu gün hər birimiz böyük qürur hissi ilə deyirik: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”