Ermənistan Baş naziri Nikol Paşinyan haqda ümumi rəy heç də doğru deyil: onun qeyri-peşəkar siyasətçi olması, təcrübəsizliyi, dövlət adamı xarakterinə uyğun gəlməyən davranışları müzakirə predmeti belə deyil. Ancaq Nikol Paşinyan üzərindən Qərbin həddən artıq böyük işlər gördüyü artıq statistikada da əksini tapmaqdadır.
Nikol Paşinyan nə qədər bərbad siyasətçi olsa belə, Avropada “demokrat imici” formalaşdırılır və əhəmiyyətli şəkildə himayə edilir: siyasi, erməni maraqlarına uyğun dəstək isə böyük maliyyə yardımları və külli miqdarda investisiyalarla müşayiət olunur. Qərb ölkələri elan edilən-edilməyən tərzdə Ermənistana qrantlar adıyla maliyyə yönəldirlər, Ermənistanın iqtisadi indeksini qaldırırlar və s.
Paralel olaraq Rusiyaya tətbiq edilən ölümcül sanksiyalardan “qaçış imkanı” üçün Ermənistanı düşünülmüş surətdə “pəncərəyə” çevirirlər. Rusiyadan çıxarılan milyardlar və qaçan investisiya, o cümlədən mütəxəssislər Ermənistanı seçirlər. Ermənistan bankları Rusiyadan çıxarılan milyardların “keçid yeridir” və bir çox hallarda sanksiya altına düşən rus milyarderlər Ermənistanda vəsaitlərini “yuyandan” sonra xaricə çıxır və yaxud sərvətinin bir hissəsini elə Ermənistanda saxlayır.
Statistikaya baxın: dünənə qədər borc içində çabalayan və xarici borcu ÜDM-nin 60 faizinə çatan Ermənistanda bu il xarici borc 47%-ə düşüb; cəmi bir neçə ay ərzində dolların 25 faizə yaxın ucuzlaşması nəticəsində Ermənistanda minimal maaş dollar ekvivalentində Azərbaycanı üstələyib, dövlət büdcəsi 6,4 milyarda, hərbi büdcəsi isə 1,3 milyarda çatıb. Müqayisə üçün bildirək ki, Azərbaycanın dövlət büdcəsi 18 milyard, hərbə ayrılan vəsait isə 3,1 milyard dollar civarındadır. Cəmi 2-3 öncəyədək Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən daha çox idi, indi isə fərqin sürətlə azaldığını görürük.
Ermənistanın əsas ticarət tərəfdaşı Rusiyadır və 2022-ci ildə bu ölkə ilə dövriyyə kəskin artaraq, 3,2 milyardı keçib. İran da Ermənistan iqtisadiyyatını ayaqda tutmaq üçün bütün gücünü səfərbər edib, bu ilin ilk 8 ayında İranla Ermənistanın ticarət dövriyyəsi 43 faiz artıb; Tehran bu həcmi 3 milyarda çatdırmaqla bağlı hədəf müəyyən edib, Ermənistana qaz nəqlini iki dəfə artırmağa hazırlaşır.
Ermənistan artıq müasir silahlar almaq üçün vəsait də tapa bilir və bu vəsaitin hamısının heç də dövlət büdcəsindən olmadığı bəllidir: Hindistandan əvvəlcə 244, daha sonra isə 260 milyon dollar həcmində silahların alınması bilinən rəqəmlərdir, İranın Ermənistana müasir PUA və raketlər verdiyi isə iddialardır və bu iddiaların gerçək olduğunu ehtimal etməyə ciddi əsaslarımız var.
AB Ermənistana 2,6 milyard nəzərdə tuturdu, indi bu rəqəmin artırılacağı barədə ciddi müzakirələr gedir, AB-nin siyasi rəhbəri Fransanın İrəvana hərbi-siyasi-iqtisadi dəstəyinin hansı səviyyədə olduğunu isə hər kəs bilir.
Paşinyana bir tərəfdən iqtisadiyyatı gücləndirmək, büdcəni artırmaq, xarici borcu əhəmiyyətli dərəcədə azaltmaq üçün ciddi yardımlar edilir, digər tərəfdən isə erməni ordusunun təşkilatlanması, müasir silahlarla təchiz edilməsi istiqamətində dəstək verilir. Paralel olaraq, Ermənistana Azərbaycanla sülh sazişini, sərhədin demarkasiya və delimitasiya prosesini süni olaraq ləngitmək, artıq tarixə gömülən Dağlıq Qarabağ probleminin “bitmədiyi” təsəvvürünü yaratmaq istiqamətində manevr etməsinə şərait yaradılır. İrəvanın arxasında duran güclər Cənubi Qafqazda yeni və olduqca təhlükəli bir oyun qurublar və hədəflərinə doğru sürətlə irəliləyirlər.
Rusiyaya ən sərt sanksiyalar tətbiq edilir, rus şirkətlərin bu sanksiyalardan yayınmasına yardım edənlər də sanksiya altına düşür – yalnız Ermənistan bankları və şirkətlərindən, hüquqi və fiziki şəxslərindən savayı. Sanki qəsdən bu sanksiyalardan Ermənistanın onmilyardlar əldə etməsinə yaşıl işıq yandırılıb.
Bu, hazırda Rusiyanın da maraqlarına daxildir – rus şirkətləri və vətəndaşları Ermənistan vasitəsilə əməliyyatlara meyil edir. Üstəlik, sanksiyalardan sonra Rusiyadan qaçan 50 minə yaxın İT mütəxəssisinin ən azı 10 mininin Ermənistanda məskunlaşdığı haqda informasiyalar da dövriyyədədir. Bu peşəkarların Ermənistanın texnoloji imkanlarını necə artıracağını təxmin etmək mümkündür.
Korrupsiya və rüşvətə qarşı Ermənistanda AB-nin dəstəyi ilə əhəmiyyətli işlər görüldüyünü də vurğulamalıyıq.
Bütün deyilənlərin sayəsində Ermənistan son iki ilə yaxın müddətdə iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Əhali və ərazi sayını nəzərə alsaq, hazırda Ermənistan büdcəsinin Azərbaycan büdcəsi ilə rəqabət apardığı açıq-aşkardır. Onu da nəzərə alaq ki, Azərbaycanın iqtisadi resurslarının əhəmiyyətli hissəsi Qarabağın bərpasına yönəldilir, tikinti-quruculuq işlərinə böyük vəsaitlər xərclənir, diqqətimiz Qarabağdadır, Ermənistanın bu baxımdan heç bir qayğısı yoxdur, Qarabağda məskunlaşdırılan ermənilərin əsas yükü də rus sülhməramlılar və Qərbin yardımları üstündədir.
Buna görə də ilin sonuna qədər Azərbaycanla sülh sazişinin imzalanacağı haqda Paşinyanın bəyanatının ardınca bu gün Mülki Müqavilə blokunun deputatı Gevorq Papoyan bu məsələni sual altına qoyması təsadüf deyil. O bildirib ki, sülh sazişinin imzalanması “Ermənistanın milli maraqlarının nə dərəcədə nəzərə alınmasından asılı olacaq”.
Ermənistanın “milli maraqları” menyusuna Rusiya “Qarabağ münaqişəsinin həllinin gələcəyə saxlanılması” kimi absurd, amma revanşistlər üçün iştahaçan “nemət” də əlavə edirsə, bu sülh sazişini İrəvan ilin sonuna qədər imzalayarmı?
Bizim üçün çox ciddi çağırışlar var…