Xəbər - Elçin Mehdiyev – Trend:
ANAMA-nın işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında reallaşdırdığı minadantəmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan, eyni zamanda yüksək dağıdıcı qüvvəyə malik “İskəndər” raketinin qalıqlarının tapılması faktı öz təsqdini tapdı. Araşdırmaların nəticəsi üzə çıxartdı ki, bu, Operativ-Taktik Raket Kompleksi “İskəndər – M” raketinin qalıqlarıdır. Eyni zamanda, o da məlum oldu ki, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib.
Bunu AzerTimes-a politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova bildirib ki, ANAMA əməkdaşları bir-birindən xeyli uzaqlıqda raketin qalıqlarının aşkar olunduğu dörd ərazi müəyyənləşdiriblər:
“Hətta raketin qalıqları aprelin 2-də Bakıda kütləvi informasiya vasitələrində də nümayiş olundu. Açıq mənbələrdən məlum olur ki, Rusiya Ermənistana “İskəndər – M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İskəndər – E” raket kompleksi verib. Bununla müqayisədə isə “İskəndər – M” raketi daha yüksək dağıdıcı qüvvəyə malikdir və 500 km-dək məsafəni hədəf ala bilir.
Hələ 44 günlük Vətən müharibəsinin gedişində Ermənistan Azərbaycana qarşı “İskəndər” raketindən istifadə edəcəkləri ilə bağlı bir neçə dəfə təhdidlər dilə gətirmişdilər. Ölkənin sabiq rəhbəri Serj Sarkisyan müsahibəsində indiki rəhbərliyi günahlandıraraq demişdi ki, müharibənin 3-cü və 4-cü günü Ermənistanın “İskəndər” raket kompleksindən nə üçün istifadə etmədiyini anlamır. Bundan sonra Sarkisyana cavab olaraq Paşinyan “İskəndər” atdıqlarına və onların partlamadığına dair bəyanat versə də, Rusiyanın bu məsələni inkar etməsindən və təzyiq göstərməsindən dərhal sonra Paşinyan öz sözlərini geri götürmüşdü. Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Hakopyan da 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raket sistemindən istifadə etdiyini bildirmişdi.
44 günlük müharibənin gedişində Ermənistanın Azərbaycan mülki infrastrukturunu davamlı şəkildə raket atəşinə tutduğunu, mülki əhalini Gəncə, Bərdə, Tərtər şəhərlərində hədəf alaraq böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurduğunu, çoxlu sayda dinc insanlarımızın qətlə yetirildiyini və yaralandığını faktlar sübut edir. Bununla yanaşı, Ermənistan ordusu tərəfindən qadağan olunmuş silahlardan, habelə kasetli bombalardan istifadə olunub.
Rusiya Prezidentinin Administrasiyasından yayılan məlumatda isə bildirilib ki, Qarabağda münaqişə zamanı “İskəndər” raketlərindən istifadə olunmayıb. Əgər Rusya Ermənistana “İskəndər – M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılmasını necə izah edə bilərik? Bu, ciddi araşdırılmalı məsələdir. Ermənistanda yüksək dağıdıcı qüvvəyə malik bu raket növü hardandır?
Əlimizdə olan fakt odur ki, qalıqlar tapılıb, bu açıqlama isə şübhə altında qalır və Şuşada aşkar olunan bu fakt insanlarımızın beynində suallar doğurur və bu məsələ Azərbaycan ictimaiyyətini haqlı olaraq narahat edir. Düşünürəm ki, tapılmış raketin nömrəsinə müvafiq olaraq hansı dövlətin ərazisindən və hansı məsafədən atıldığını müəyyən etmək mümkündür.
Fevral ayının 26-da cənab Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı zamanı suallarını cavablandıranda da bildirdiyi kimi bu cür addımlar düzgün deyil və bu qəbildən addımlar, sabitliyin möhkəmlənməsinə yönəlməyib. NATO-nun tərəfdaşlıq proqramında iştirak edən Ermənistanın digər tərəfdaş ölkə olan Azərbaycana qarşı ağır raketlərdən istifadə etməsi faktı ciddi araşdırmalıdır”.