“China Daily” Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamə barədə xəbər yayıb

Çində və dünyada milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzeti BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın təşəbbüsü ilə COVID-19-la bağlı irəli sürülən qətnamənin qəbul edilməsi barədə xəbər yayıb.

AzerTimes-ın məlumatına görə, nəşr BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilməsi barədə yazır.

Qeyd olunub ki, qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Qətnamədə Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyəti vurğulanıb.

“China Daily”nin sözügedən xəbərində Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə dair açıqlamasına istinadla vurğulanıb ki, qətnaməyə ümumilikdə 133 dövlət həm-müəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Bildirilib ki, qətnamə Prezident İlham Əliyevin fevralın 1-də Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülüb və qısa müddət ərzində qlobal dəstək qazanıb.

Materialda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzində olmağa davam etdiyi vurğulanıb.

Qeyd edək ki, çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə milyonlarla oxucusu olan “China Daily” təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxuculardan çoxdur. Qəzetin Çində buraxılan əsas nəşrinə paralel olaraq, ABŞ-da (Nyu-York), Avropada (London), Afrikada (Nayrobi) və Asiya ölkələri üçün Honkonqda ayrıca versiyaları dərc olunur.

AZƏRTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

Teqlər: