Jurnalist Ekspert Mərkəzinin (JEM) saytı fəaliyyətə başlayıb.
Bu barədə AzerTimes-a İctimai Birliyin sədri, tanınmış jurnalist Ceyhun Musaoğlu məlumat verib.
O qeyd edib ki, “Mediaekspert.az” adlanan sahəvi sayt perspektivdə bütün seqmentlər üzrə jurnalistikaya aid məsələləri işıqlandıracaq.
JEM-i təmsil edən jurnalistlərin aktual mövzulara dair təhlilləri, araşdırmaları, reportajları, analitik məqalələri də saytda yer alacaq.
“Sayt mediada monitorinq aparacaq, Jurnalistlərin Etik Davranış Qaydalarına hansı dərəcədə əməl olunduğunu müəyyənləşdirəcək, jurnalistikaya yad elementləri aşkara çıxaracaq. “Rəqəmxəbər” bölməsi ölkəmizdə və dünyada jurnalistikaya dair statistik məlumatları əks etdirəcək. Saytda şəhid və qazi jurnalistlərə həsr olunmuş ayrıca bölmə də var. Mediaekspert.az jurnalistləri onların doğum günündə təbrik edəcək. Bunun üçün də “Onların günü” adlı bölmə yaradılıb. Ümumilikdə isə sayt əsasən JEM-in fəaliyyətini, həyata keçirdiyi layihələri işıqlandıracaq. Hədəflərimiz genişdir, hələlik detallara varmaq istəmirik. Yalnız onu deyə bilərəm ki, məqsədimiz jurnalistikaya dair ixtisaslaşmış sahə saytına çevrilməkdir”, – C.Musaoğlu bildirib.