Ceyhun Bayramovun İranlı həmkarı ilə telefon danışığı baş tutub

12 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.

XİN-dən AzerTimes-a verilən məlumata görə, nazirlər iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, son zamanlar müşahidə olunan, ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini vurğulayıblar.

Azərbaycan Respublikası vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Teqlər: