Ceyhun Bayramov Yunanıstan səfiri ilə görüşdü

Ceyhun Bayramov Yunanıstan səfiri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının Azərbaycanda yeni səfiri Kristo Kapodistria ilə görüşü baş tutub.

Bu barədə AzerTimes-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfir Kristo Kaposdistrianı təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, enerji, humanitar, təhsil, turizm və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının iclasları çərçivəsində Yunanıstan Xarici İşlər Naziri Nikos Dendias ilə Stokholm və Lodz şəhərlərində görüşünə istinad edərək, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib. Ötən ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşünün əhəmiyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov həmsöhbətinə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, sülh quruculuğu, Azərbaycan tərəfindən bu istiqamətdə atılan addımlar və irəli sürülən təşəbbüslər, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Ermənistanın sözügedən proseslər çərçivəsində törətdiyi maneələr və qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verib.

Öz növbəsində, Kristo Kapodistria diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan və Yunanıstan arasında geniş əməkdaşlıq potensialının olduğunu qeyd edən səfir K. Kapodistria, ölkələr arasında turizm, enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib.

Görüş zamanı, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: