Ceyhun Bayramov Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb (FOTO)

Xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Turizm
Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, C.Bayramov, Zurab Pololikaşvilini növbəti dəfə ÜTT
Baş katibi seçilməsi münasibətilə təbrik edib. Baş katibin
rəhbərliyi altında təşkilatın fəaliyyəti, xüsusilə də əməkdaşlıq
məsələlərində yeni, innovativ yanaşmaların artdığı təqdir
edilib.

Azərbaycanın turizm sahəsinin inkişafına xüsusi əhəmiyyət
verdiyini qeyd edən nazir Ceyhun Bayramov, son illər ərzində
ölkəmizdə bu sahə üzrə infrastrukturun inkişafı istiqamətində
genişmiqyaslı işlərin görüldüyünü qeyd edib. Azərbaycanın ölkə
səviyyəsi ilə yanaşı, həm də regional səviyyədə turizm imkanlarının
artırılmasında maraqlı olduğu Baş katibin diqqətinə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfə ölkəmizin işğaldan
azad olunmuş ərazilərdə turizm sahəsində imkanlar barədə məlumat
verib.

ÜTT Baş katibi Zurab Pololikaşvili namizədliyinə verilən dəstəyə
görə Azərbaycana minnətdarlığını ifadə edib. O, Azərbaycanda,
habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və
ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə hazır olduqlarını
bildirib. Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm
Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya
sahələrində proqramların həyata keçirilməsinin vacibliyi
vurğulanıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər
məsələləri müzakirə ediblər.

Teqlər: