Ceyhun Bayramov TÜRKSOY-un Baş katibi ilə görüşüb (FOTO)

Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev ilə görüşüb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Ceyhun Bayramov
Sultan Raevi TÜRKSOY-un Baş katibi seçilməsi münasibətilə təbrik
edib. O, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı ilə
əməkdaşlığa verdiyi yüksək önəmi vurğulayıb. Nazir, Şuşada
keçiriləcək konfransda iştirakı çərçivəsində Baş katibin azad
edilmiş ərazilərdəki vəziyyət, o cümlədən burada aparılan geniş
miqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanının
olacağını bildirib.

Baş katib Sultan Raev namizədliyinə verdiyi dəstəyə görə
Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. Təşkilatın rəhbəri
qismində fəaliyyətin yüksək məsuliyyət tələb etdiyini söyləyən Baş
katib, Türk dünyasının mədəniyyətinə xidmət edəcəyini vurğulayıb.
TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən iclasında Şuşa
şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan
edildiyini xatırladan Sultan Raev, bu xüsusda qarşıdan gələn il
ərzində zəngin proqramların təşkil ediləcəyini söyləyib.

Görüşdə tərəflər, həmçinin gələn il TÜRKSOY-un 30 illiyinin qeyd
edilməsi, Azərbaycanın təşkilatla fəal əməkdaşlığı, türk
xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində işlərin
görülməsi və digər qarşılıqlı maraq doğuran mövzular üzrə fikir
mübadiləsi aparıblar.

Teqlər: