Ceyhun Bayramov Sloveniyanın Azərbaycandakı qeyri-rezident səfiri ilə görüşüb (FOTO)

15 mart 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov
Sloveniya Respublikasının Azərbaycan Respublikasında akkreditə
olunan qeyri rezident səfiri Primoş Şeliqonu qəbul edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
Ceyhun Bayramov ölkəmizin Sloveniya ilə münasibətlərin inkişafına
əhəmiyyət verdiyini qeyd edərək, ikitərəfli səviyyədə və beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini
vurğulayıb.

Səfir Primoş Şeliqo iki ölkə arasında mövcud olan tarixi
əlaqələri və dostluq ənənələrini qeyd edib və ölkəsinin ikitərəfli
münasibətlərin inkişafında maraqlı olduğunu ifadə edib. O, siyasi,
iqtisadi, humanitar və s. sahələrdə əlaqələrin
genişləndirilməsindən bəhs edərək, cari il ərzində Birgə İqtisadi
Komissiyanın ilk iclasının keçirilməsi, habelə ANAMA ilə əməkdaşlıq
münasibətlərinin qurulmasının mövcud münasibətlərin inkişafına
müsbət təkan verəcəyinə inamını vurğulayıb.

Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət,
azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma
işləri, habelə bu ərazilərdə minalardan təmizlənmə istiqamətində
görülən işlər, Azərbaycanın post-münaqişə mərhələsində iki ölkə
arasında münasibətlərin normallaşması ilə bağlı sərgilədiyi mövqeyi
barədə məlumat verib.

Tərəflər, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı
və ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq məsələlərinə dair
fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər Nazirlikləri
arasında 2021-ci ildə keçirilmiş siyasi məsləhətləşmələr
təcrübəsinin qarşıdan gələn illərdə də davam etdirilməsinə dair
qarşılıqlı razılıq ifadə edilib.

Teqlər: