20 may 2022-ci il tarixində İtaliya Respublikasının Turin
şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin 132-ci
iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Şimali
Makedoniyanın xarici işlər naziri Bucar Osmani ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
iki ölkə arasında mövcud olan münasibətlərin səviyyəsindən
məmnunluq ifadə olunub, habelə əlaqələrin daha da inkişafı
istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən irəli gələrək
dialoqun davam etdirilməsi razılaşdırılıb. Görüşdə, Azərbaycan və
Şimali Makedoniya arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş
potensialın mövcudluğu və həmin potensialdan istifadənin vacibliyi
qeyd olunub.
Bölgədəki son vəziyyət haqqında həmkarını məlumatlandıran nazir
Ceyhun Bayramov, Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycana
qarşı həyata keçirilən təcavüz siyasətinin ağır nəticələrindən,
həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni
vəziyyət və Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar
olması istiqamətində atdığı addımlar barədə danışıb.
Görüşdə Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa üçün
enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi
baxımından əhəmiyyəti vurğulanıb.
Tərəflər, iki ölkə arasında münasibətlərin daha da inkişaf
etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinə dair
razılıq ifadə olunub.
Görüşdə regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət,
habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə
edilib.