Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)

12 yanvar 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri qəbul edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov iki dost dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Ötən il Səudiyyə Ərəbistanına rəsmi səfərini xatırlayan nazir, bu ölkənin xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Al Səud ilə keçirilmiş görüşə, habelə beynəlxalq tədbirlər çərçivəsində həmkarı ilə olan təmaslarına məmnunluqla istinad edib. Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında Müştərək Komissiyanın bu yaxınlarda Ər-Riyad şəhərində keçirilmiş iclasının münasibətlərin genişlənməsinə töhfə verdiyi qeyd edilib. Nazir Ceyhun Bayramov, Səudiyyə Ərəbistanı xarici işlər nazirini Azərbaycanda görməkdən məmnun olacağını bildirib.

Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb.

Tərəflər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Teqlər: