Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə ediblər

2 dekabr 2021-ci il tarixində, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Portuqaliya Respublikasının xarici işlər üzrə dövlət naziri Augusto Santos Silva ilə görüşüb.

XİN Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli əlaqələri müzakirə etdilər, xüsusilə iqtisadi sahədə münasibətlərin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd etdilər. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə Avropa İttifaqı ilə və BMT çərçivəsində əməkdaşlıq məsələləri vurğulandı.

Nazir Ceyhun Bayramov enerji sahəsində əməkdaşlığı qeyd edərək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu vurğuladı. O, Avropa İttifaqı ilə alternativ enerji sahəsində əməkdaşlıq perspektivlərinə toxundu. Bu xüsusda, nazir azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunduğunu bildirdi.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan vəziyyət, üctərəfli bəyanatların icra edilməsi və kommunikasiya xətlərinin açılması məsələləri barədə qarşı tərəfə ətraflı məlumat verdi.

Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Teqlər: