3 dekabr 2021-ci il tarixində, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə görüşdü.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş zamanı, Polşa və Azərbaycan arasında mövcud olan münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edildi.
Nazirlər, gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi olduğuna istinad edərək, bununla əlaqədar müvafiq tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar.
Görüşdə, Polşanın 2022-ci ildə ATƏT-ə sədrliyi və bu xüsusda, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, Polşa sədrliyinin prioritetləri, o cümlədən ATƏT çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Nazir Ceyhun Bayramov, həmkarına post-münaqişə regional təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşması istiqamətində atılmalı addımlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barəsində geniş məlumat verdi.
Nazir Ceyhun Bayramov həmkarına işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə məlumat verdi.
Görüşdə tərəflər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.