Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb (FOTO)

13 may 2022-ci il tarixində MDB Xarici İşlər Nazirləri Şurasının
Düşənbə şəhərində keçirilən iclasında iştirakı çərçivəsində
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov
Özbəkistan Respublikası xarici işlər naziri v.i.e Vladimir Norov
ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlər
iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə
inkişafını razılıqla qeyd ediblər. Ölkələrimiz arasında bir sıra
istiqamətlər üzrə, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəni
və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində
addımların atıldığı bildirilib və əlaqələrin daha da inkişafı
perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Nazir Vladimir Norov, Özbəkistanın hər zaman Azərbaycanın ərazi
bütövlüyünə birmənalı dəstək verdiyini vurğulayıb. O, qarşılıqlı
səfərlərin və təmasların ikitərəfli əlaqələrin inkişafına verdiyi
müsbət töhfəni qeyd edib. Həmçinin elm və təhsil sahəsində
əməkdaşlığı qeyd edən Vladimir Norov, Özbəkistanda dahi Azərbaycan
şairi Nizami Gəncəvinin sevə-sevə oxunduğunu, Azərbaycanda isə dahi
özbək şairi Əlişir Nəvainin orta məktəblərdə tədris edildiyini
məmnunluqla vurğulayıb.

Nazir Ceyhun Bayramov iki ölkə arasında dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafını, habelə yüksək səviyyədə siyasi
dialoqun mövcud olduğunu qeyd edib. O, Özbəkistanın Azərbaycanın
ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə
verdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib.

Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan münaqişə sonrası
vəziyyət, bərpa və quruculuq işləri, sülh quruculuğu istiqamətində
atılan addımlar ilə bağlı məlumatlandırıb. O, bölgədəki bütün
kommunikasiyaların açılmasının həm bölgə ölkələri, həm də yaxın
bölgələr üçün əhəmiyyətindən bəhs edib, xüsusilə də Zəngəzur
dəhlizinin Mərkəzi Asiya ölkələri üçün faydasını qarşı tərəfin
diqqətinə çatdırıb.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Teqlər: