Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
Bu barədə AzerTimes-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və NATO arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq məsələlər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi və danışıqların perspektivləri müzakirə edilib.
Görüş zamanı Azərbaycan tərəfindən regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə verən və tərəfdaş ölkə kimi Azərbaycanla NATO arasında müntəzəm siyasi dialoqun aparılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Nazir Ceyhun Bayramov, 24 saatdan az müddətdə Azərbaycan tərəfindən həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.