Bu gün (1 noyabr) Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakıya işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı ilə görüşü keçirilib.
Azərbaycan XİN-dən verilən məlumata görə, görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəslə bağlı razılıqlara rəğmən azərbaycanlı dinc əhalinin atəşə tutması, Cenevrə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışına məhəl qoymayaraq yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alması, beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə həmkarına məlumat verib.
Nazirlər bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğulayıblar.
Türkiyə XİN rəhbəri öz tvitter hesabında görüşdən foto paylaşaraq bu fikirləri qeyd edib:
“Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla çox faydalı bir görüş keçirdik. Azərbaycanlı qardaşlarımızla daim birlikdəyik, bərabərik, tək millətik!”