Ceyhun Bayramov Meksika səfiri ilə görüşdü

Ceyhun Bayramov Meksika səfiri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Meksika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.

Bu barədə AzerTimes-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir səfir Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.Tərəflər Azərbaycan və Meksika arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiya, turizm, təhsil, idman və s. sahələrində geniş əməkdaşlıq perspektivlərinin mövcudluğunu məmnunluqla qeyd edib. Siyasi sahədə əməkdaşlığın, o cümlədən siyasi dialoqun inkişafında qarşılıqlı səfərlərin, o cümlədən siyasi məsləhətləşmələrin rolu vurğulanıb.

C.Bayramov, post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, eləcə də mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb.

Səfir qəbul üçün C.Bayramova təşəkkür edib, iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səy göstərəcəyini ifadə edib. İkitərəfli münasibətlərin genişləndirilməsində parlamentlərarası əlaqələrin, habelə hər iki ölkənin parlamentarilərinin qarşılıqlı səfərlərinin rolu vurğulanıb. Həmçinin Azərbaycan və Meksikada fəaliyyət göstərən beyin mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi üçün iş aparıldığı diqqətə çatdırılıb.

Görüş zamanı, çoxtərəfli platformalar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu xüsusda, növbəti ilin mart ayında Bakıda keçiriləcək COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasına dair hazırlıq işləri barədə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: