Ceyhun Bayramov Latviyanın müdafiə naziri ilə görüşüb (FOTO)

11 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı
çərçivəsində Latviya Respublikasının Baş nazirin müavini, müdafiə
naziri Artis Pabriks ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Ceyhun
Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı həyata
keçirdiyi təcavüzünün nəticələri və azad edilmiş ərazilərdə
infrastruktura dəymiş ziyan və dağıntıların miqyası, habelə
post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət barədə ətraflı
məlumat verib. Bu xüsusda, nazir Ceyhun Bayramov Avropa İttifaqı
ölkələri tərəfindən beynəlxalq hüquqa uyğun yanaşmanın tətbiq
edilməsinin vacib olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov Avropa İttifaqı ilə əməkdaşlıq və
gündəlikdə duran vacib məsələləri qeyd edib. Avropa İttifaqı ilə
sazişin yekunlaşmasına verdiyimiz əhəmiyyət qeyd edilib.

Müdafiə naziri Artis Pabriks ölkəsinin Azərbaycan ilə əlaqələrə
xüsusi önəm verdiyini və Azərbaycanı özünün strateji tərəfdaşı
hesab etdiyini bildirib. Bu ilin iki ölkə arasında diplomatik
münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu və
bunun əlamətdar hadisə olduğunu vurğulayıb.

Görüşdə Ukraynada baş verən hadisələr və Azərbaycan tərəfindən
Ukraynada böhranın aradan qaldırılması məqsədilə göstərilən
humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və digər
məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Teqlər: