Ceyhun Bayramov Latviya Baş nazirinin müavini ilə görüşüb (FOTO)

26 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun
Bayramov Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə
naziri Artis Pabriks ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş
zamanı iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq
ifadə olunub və münasibətlərinin gələcək inkişaf perspektivlərinə
dair fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın Latviya ilə əlaqələrə xüsusi
önəm verdiyini və ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli
müstəvilərdə əməkdaşlığın uğurla davam etdiyini qeyd edib. Nazir,
iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların intensivliyinə
istinad edərək, qarşılıqlı səfərlərin davam etdirilməsinin
əhəmiyyətini vurğulayıb.

Öz növbəsində Latviyanın müdafiə naziri Artis Pabriks
Azərbaycanın ölkəsi üçün strateji tərəfdaş olduğunu qeyd edib. O,
Azərbaycan ilə Latviya arasında ikitərəfli əsasda və bir sıra
beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli
əməkdaşlığın olduğunu ifadə edib. A.Pabriks Latviyanın Azərbaycanın
Aİ ilə hərtərəfli əməkdaşlığını dəstəklədiyini bildirib.

Nazir Ceyhun Bayramov Azərbaycanın Avropa İttifaqı ilə
münasibətlərə əhəmiyyət verdiyini qeyd edib və tərəflər arasında
yeni saziş üzrə danışıqların tezliklə yekunlaşacağına dair ümid
ifadə edib.

Görüşdə tərəflər Ukraynadakı vəziyyət, Azərbaycan tərəfindən
Ukraynaya göstərilən humanitar yardım, habelə qarşılıqlı maraq
doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi
aparıblar.

Teqlər: