Ceyhun Bayramov İsveçrənin yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov İsveçrənin yeni səfiri ilə görüşdü

17 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Tomas Ştehlini qəbul edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüş zamanı səfir Tomas Ştehli etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfirə fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət və bir sıra digər sahələri özündə ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin, siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov ölkəmizin erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatlarını şərtləndirən amillər, o cümlədən, Ermənistanın son dövrlər Azərbaycana qarşı törətdiyi təxribatlar və ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhdidlər barədə qarşı tərəfə məlumat verib və yüksək dəqiqliklə aparılan anti-terror tədbirləri zamanı mülki şəxslərin hədəf alınmadığını bildirib.

Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq işlər aparıldığı və bu məqsədlə elektron portal yaradıldığı diqqətə çatdırılıb.

Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı qeyd olunaraq BMT rəsmilərinin bölgəyə son səfərı sonrası verilən açıqlamaların da bunun bariz nümunəsi olduğu bildirilib.

Səfir Tomas Ştehli ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: