Bu ilin 18 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir Ceyhun Bayramov İraqlı həmkarına Ermənistanın onilliklər ərzində həyata keçirdiyi təcavüzkar siyasəti və onun fəsadları, həmçinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatı, ərazilərin işğaldan azad edilməsi barədə məlumat verdi. Nazir, azad edilmiş ərazilərdəki vəziyyət, burada həyata keçirilən yenidən qurma işlərindən danışıb.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasındakı səmimi münasibətlərin təməlində xalqlarımız arasındakı tarixi, dini, mədəni bağların durduğunu qeyd edib. Azərbaycanın ədalətli mövqeyinə verilən dəstəyə görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.
Nazir Fuad Hüseyn verilən məlumata görə təşəkkür edib. Ölkələrimiz arasındakı münasibətlərin inkişafını qeyd edib. O, müharibədən əziyyət çəkən ölkə kimi İraqın müharibənin doğurduğu fəsadlara yaxşı bələd olduğunu, bu səbəbdən problemlərin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söylədi. Bu xüsusda, İraq naziri Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığın əldə olunmasını məmnunluqla qeyd edib.
Tərəflər, həmçinin enerji, humanitar, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.