16 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə
görüşüb.
Xarici İşlər Nazirliyindən AzerTimes-a bildirilib ki, nazir Ceyhun
Bayramov, Azərbaycanın İƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini
vurğulayıb. O, Baş katib ilə bundan öncə keçirilmiş görüşlər zamanı
aparılan fikir mübadilələrinə istinad edərək, təşkilatın Aşqabad
Zirvə görüşündə qəbul olunmuş sənədlərin icrasının vacibliyini qeyd
edib. Xüsusilə də “İƏT Baxışı – 2025” sənədinin və burada müəyyən
edilmiş prioritet istiqamətlərin Azərbaycan üçün də yüksək önəm
kəsb etdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Cari 2022-ci ilin
İƏT-də “nəqliyyat – bağlantı ili” kimi qeyd edildiyi və bu xüsusda,
Azərbaycanın İƏT bölgəsində nəqliyyat-bağlantı əlaqələrinin
inkişafına böyük diqqətlə yanaşdığı ifadə edilib.
Baş katib Xusrav Noziri Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi
töhfəni yüksək qiymətləndirib. O, İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransına uğurla
ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə təbriklərini çatdırıb.
Parlament ölçüsünün üzv ölkələr arasında əməkdaşlığın
genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Baş katib,
həmçinin cari ildə İƏT çərçivəsində nəqliyyat-bağlantı sahəsində
əlaqələrin inkişafına xüsusi diqqətin ayrıldığını qeyd edərək,
bununla əlaqədar Azərbaycanın həm coğrafi yerləşmə baxımından, həm
də tranzit mərkəzi kimi rolunu xüsusilə vurğulayıb.
Görüşdə tərəflər İƏT ixtisaslaşmış qurumlarının fəaliyyəti üzrə
fikir mübadiləsi aparıblar, o cümlədən Azərbaycanın ev sahibliyi
edəcəyi İƏT Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin yaxın
zamanlarda fəaliyyətə başlamasının əhəmiyyətini vurğulayıblar.
Yaxın günlərdə, İƏT-in gələcək fəaliyyəti ilə bağlı üzv ölkələrin
ekspertlərinin iştirakı ilə müzakirələrin aparılacağı və Azərbaycan
nümayəndə heyətinin də bu müzakirələrdə iştirak edəcəyi qeyd
edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.