Ceyhun Bayramov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)

15 oktyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının (CNEMA) prezidenti səfir Jerar Şesnelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı və onun ağır nəticələrindən bəhs edib. Ötən il ərzilərimizin hərbi-siyasi yolla azad edildiyini qeyd edən nazir, əsas diqqəti Ermənistanın ərazilərimizin məqsədyönlü şəkildə minalarla çirkləndirilməsi siyasətinə yönəldib və azad olunmuş ərazilərdə insan həyatına hədə törədən mina təhlükəsindən danışıb. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan təqdim etdiyi kiçik qism mina xəritələrinin Etibarlılığının yalnız 25 % təşkil etdiyini qarşı tərəfin diqqətinə çatdırıb. Bu günədək 167 vətəndaşımızın mina partlayışından zərər çəkdiyi, onlardan 33 nəfərin həlak olduğu qeyd edilib, həlak olanlar arasında 2 nəfər jurnalistin olduğu vurğulanıb.

Nazir, həmçininn işğalan azad olunmuş ərazilərdəki vəziyyət, burada Ermənistan tərəfindən törədilmiş, urbisid, kultursid və ekosid barəsində geniş məlumat verib. Eyni zamanda Fransa nümayəndə heyətinə Azərbaycan Hökuməti tərəfindən azad olunmuş ərazilərin bərpa və quruculuğu istiqamətində görülən işlər, bu istiqamətdə əldə olunan nəticələr barədə məlumat təqdim edilib.

Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının nümayəndə heyəti qəbula görə təşəkkür edərək, fəaliyyətləri barədə məlumat veriblər. Komissiyanın Azərbaycan tərəfi ilə müvafiq sahədə əməkdaşlıq niyyəti ifadə edilib.

Görüşdə tərəflər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Teqlər: