Ceyhun Bayramov Ermənistanın ekoloji terroru ilə bağlı BMT rəsmisini məlumatlandırıb (FOTO)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional
Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə işçi
qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və
Azərbaycanda səfərdə olan BMT-nin Ətraf Mühit Proqramının ekspert
qrupunun üzvləri iştirak ediblər.

Görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq,
həmçinin UNEP ilə Azərbaycan arasında gündəlikdə duran digər
praktiki məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə, habelə, azad olunmuş ərazilərdə həyata keçirilən
yenidənqurma və bərpa işləri, minaların təmizlənməsi prosesi, o
cümlədən ətraf mühit sahəsində ikitərəfli münasibətlərin
dərinləşdirilməsi imkanları və Dayanıqlı İnkişaf Məqsədləri ilə
bağlı məsələlər müzakirə mövzusu olub.

Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa
əhəmiyyət verdiyini söyləyən nazir Ceyhun Bayramov, ölkəmiz
tərəfindən BMT-nin Ətraf Mühit Proqramının işğaldan azad olunmuş
ərazilərdə biomüxtəliflik və ekosistemlərin bərpasına dəstəyinin
yüksək qiymətləndirildiyini bildirib.

Görüş zamanı qarşı tərəf regiondakı hazırki vəziyyət, işğaldan
azad edilmiş ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan
böyük həcmli bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb.
Nazir Ceyhun Bayramov, Azərbaycanda ətraf mühitin mühafizəsi
sahəsində həyata keçirilən dövlət proqramları, qarşıda duran
vəzifələr və mövcud ekoloji problemlərin həlli yolları barədə qarşı
tərəfə məlumat verib.

Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü və 30 ilə
yaxın davam etmiş işğal nəticəsində 1 milyondan çox soydaşımızın
yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyü, azad edilmiş
ərazilərdə meşə ehtiyatlarının, flora və faunanın, xüsusi mühafizə
olunan təbiət ərazilərinin, su ehtiyatlarının, faydalı qazıntı
yataqlarının, torpaqların vəziyyətinin işğala qədərki dövrlə
müqayisəli qiymətləndirilməsi, kənd təsərrüfatı sahəsində görülmüş
işlər, o cümlədən deqradasiya olunmuş torpaqlar, hərbi eroziya,
“Ağıllı kənd” layihəsi, “Yaşıl enerji zonası konsepsiyası”, peyk
təsvirləri əsasında işğaldan azad edilmiş ərazilərin monitorinqi və
görüləcək bərpa işləri beynəlxalq ekspertin diqqətinə çatdırılıb.
Nazir Ceyhun Bayramov, bu xüsusda Azərbaycanda bu istiqamətdə
aparılan fəaliyyətdə UNEP-in iştirakının yüksək
qiymətləndirildiyini qeyd edib.

Azərbaycanın ətraf mühit məsələlərinə böyük önəm verdiyini deyən
nazir, azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini
vurğulayıb və burada bütün layihələrin ətraf mühit məsələlərinə
xüsusi diqqət yetirilməklə icra olunduğunu diqqətə çatdırıb.

Öz növbəsində BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə
Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi səmimi qəbula görə
təşəkkürünü bildirib. O, ölkəmizin BMT ilə əməkdaşlıq çərçivəsində
həyata keçirilən layihələrin təqdirəlayiq olduğunu qeyd edib və
işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində qiymətləndirmə
missiyasına Ermənistan tərəfindən törədilmiş ekoloji zərərin əyani
şəkildə göstərildiyini ifadə edib.

Bruno Pozzi, ekspert qrupunun ölkəmizə səfərinin məqsədinin
işğaldan azad edilmiş ərazilərin ekoloji bərpası prosesinə dəstək
göstərilməsi üçün qiymətləndirmə missiyasının həyata keçirilməsi,
Azərbaycan Hökumətinin azad olunmuş ərazilərdə ekosistemlərin
bərpası ilə bağlı planlarının öyrənilməsi, UNEP-in dəstək
istiqamətlərinin müəyyən edilməsi və ekoloji bərpa ehtiyacları ilə
bağlı birbaşa mənbələrdən məlumatların toplanması olduğunu bildirib
və bu xüsusda, konstruktiv dialoq və səmərəli əməkdaşlığa görə
minnətdarlığını ifadə edib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri
müzakirə olunub.

Teqlər: