20 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Çin Xalq Respublikasının xarici
işlər naziri Van İ arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlər
iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif
istiqamətlərdə inkişafı üzrə fikir mübadiləsi aparıblar. Azərbaycan
və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi
münasibətilə qarşılılıq təbriklər ifadə edilib.
Nazir Ceyhun Bayramov Çin Xalq Respublikasının Qış Olimpiya
Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə
həmkarını təbrik edib. Nazir, ikitərəfli gündəliyin siyasi,
iqtisadi, humanitar istiqamətlərdə uğurla inkişafını vurğulayıb və
əlaqələrin daha da irəliləməsi üçün potensialın olduğunu bildirib.
Xüsusilə də, Çin şirkətlərinin azad olunmuş ərazilərin bərpası
prosesində iştirakı məmnunluqla qeyd edilib.
Nazir Van İ iki dövlət arasında əlaqələrin dinamik inkişafından
məmnunluqla bəhs edib, bütün istiqamətlərdə, o cümlədən iqtisadi
sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd
edib.
Tərəflər bir-birlərinin müstəqilliyi, suverenliyi və ərazi
bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsi ilə bağlı prinsipial
mövqeyi bir daha vurğulayıblar.
Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq, habelə, qarşılıqlı maraq doğuran regional və digər
məsələlər müzakirə edilib.