Ceyhun Bayramov Britaniyanın Silahlı Qüvvələr naziri ilə görüşüb

30 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Müdafiə üzrə dövlət katibinin müavini –
Silahlı Qüvvələr üzrə Dövlət naziri Ceyms Hippi ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Böyük
Britaniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli
çərçivədə əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edilib və iki
ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiya,
enerji, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə
əməkdaşlıq məsələləri, o cümlədən alternativ enerji mənbələri və
digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi
aparılıb.

İki ölkə arasında iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlərin
məmnunluq doğurduğu qeyd edilib və Birləşmiş Krallığın Azərbaycanda
ən böyük birbaşa xarici sərmayədar olduğu vurğulanıb.

Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyinin bu il qeyd olunduğunu qeyd edən nazir
Ceyhun Bayramov, Azərbaycanın Böyük Britaniya ilə əlaqələrə önəm
verdiyini, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə dinamik
şəkildə inkişaf etdiyini vurğulayıb.

Söhbət zamanı regional təhlükəsizlik məsələləri də müzakirə
olunub.

Nazir Ceyhun Bayramov post münaqişə mərhələsində azad edilmiş
ərazilərdə mövcud olan vəziyyətdən danışaraq, 44 günlük Vətən
müharibəsi nəticəsində imzalanmış birgə bəyanatların icrası ilə
bağlı məsələlər, azad olunmuş ərazilərdə üzləşdiyimiz mina təhdidi
və bu təhlükə ilə aparılan mübarizə barədə qarşı tərəfə ətraflı
məlumat verib. O, hazırkı mərhələdə işğal faktorunun aradan
qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşdırılması imkanı, azad edilmiş ərazilərdə həyata keçirilən
bərpa, yenidənqurma prosesindən danışıb. Nazir, Böyük Britaniya
şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin
minalardan təmizlənməsinə verdiyi töhfəni, eləcə də bu ərazilərin
yenidənqurulması və bərpası işlərində iştirakının ölkəmiz
tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Ceyms Hippi Azərbaycana ilk səfəri çərçivəsində Azərbaycan
Prezidenti ilə keçirilən görüşü məmnunluqla vurğulayıb. O, iki ölkə
arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib. Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi qeyd
olunub.

Görüşdə tərəflər Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Teqlər: